Daşaltı Dövlət Təbiət Yasaqlığı haqqında Əsasnamədə nəzərdə tutulan qadağalar açıqlanıb.

"Report"un əldə etdiyi məlumata görə, yasaqlığın ərazisində geoloji kəşfiyyat və faydalı qazıntı işlərinin aparılması, su, bataqlıq ərazilərinin qurudulması və meliorativ işlərinin aparılması, bitki aləmindən təsərrüfat məqsədilə, habelə biçənək və otlaq kimi istifadə edilməsi, ov və balıq ovu (balıqartırma və elmi-tədqiqat məqsədləri ilə balıq ovu istisna olmaqla), vəhşi fauna növlərinin təsərrüfat məqsədilə istifadə edilməsi və ovlanması, ətraf mühitə hər hansı kimyəvi, bioloji və fiziki təsirin tətbiq edilməsi, kütləvi idman və tamaşa tədbirlərinin keçirilməsi, çadırların qurulması və tonqalların yandırılması, bina və qurğuların, ümumi istifadə üçün yolların, boru kəmərlərinin və digər kommunikasiya xətlərinin tikintisi qadağan edilə və ya məhdudlaşdırıla bilər.

Həmçinin qadağalar sırasına torpaqların şumlanması, yabanı bitkilərin yığılması, kolleksiyaların toplanması, xüsusi icazə olmadan bitki və heyvanları təbii mühitdən ayırmaqla elmi tədqiqatların keçirilməsi, kənd təsərrüfatının, sənayenin, hidroenergetikanın, su nəqliyyatının və digər təsərrüfat ehtiyaclarının suya olan tələbatının ödənilməsi üçün yerüstü və yeraltı sulardan istifadə edilməsi, oduncaq tədarükü, ikinci dərəcəli meşə ehtiyatları tədarükü, meşədən əlavə istifadə və ovçuluq təsərrüfatının ehtiyacları üçün meşədən istifadəsi də daxil edilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Daşaltı Dövlət Təbiət Yasaqlığı haqqında Əsasnamə təsdiq edilib. Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kollegiyası qərar qəbul edib.

.