Bu il noyabrın 11-22-də Bakıda keçiriləcək COP29 konfransında iştirak məqsədilə paytaxta səfər edəcək minlərlə ziyarətçini hərtərəfli məlumat dəstəyi ilə təmin etmək üçün COP29 Məlumat Mərkəzləri fəaliyyətə başlayıb.

Bu barədə  COP29 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.

Bildirilib ki, yeni fəaliyyətə başlayan COP29 Məlumat mərkəzlərinin məqsədi konfransla bağlı sorğulardan tutmuş konfrans müddətində paytaxtda qonaqlama məsələlərinə kimi müxtəlif sualları əhatəli və dəqiq şəkildə cavablandırmaqdır. COP29 Məlumat mərkəzlərinin xüsusi təlim keçmiş işçiləri ətraflı məlumat təqdim etməklə yanaşı, tədbir iştirakçılarının aidiyyəti mövzularda düzgün istiqamətləndirilməsi və müsbət ziyarətçi təcrübəsinin təmin edilməsi xüsusunda da dəstək göstərəcəklər.

Ümumilikdə doqquz məlumat mərkəzi Bakı şəhərinin müxtəlif ərazilərində, əsasən də qonaqlama məkanları və nəqliyyat baxımından əlverişli nöqtələrdə yerləşir. Dövlət Turizm Agentliyi ilə əməkdaşlıq çərçivəsində bu mərkəzlərdən yeddisi daha əvvəl şəhərin qonaqlarına xidmət göstərən mərkəzlərin bazasında, digər ikisi isə COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən Heydər Əliyev Beynəlxalq Aeroportunda təşkil olunub.

Məlumat üçün COP29 Azərbaycan Əməliyyat Şirkətinin istifadəyə verdiyi *1029 qısa nömrəsi və canlı çat vasitəsilə COP29 Çağrı Mərkəzi ilə də əlaqə saxlamaq mümkündür.

COP29 Məlumat mərkəzlərinin ünvanı:

1. Nizami küçəsi, “Nərgiz” TM-nin arxası
2. Dənizkənarı Milli Park, “Park Bulvar” TM-nin arxası
3. Albert Aqarunov küçəsi
4. “Koroğlu” m/s (Bakı Stadionu tərəfinə çıxış)
5. Heydər Əliyev Sarayı
6. “Port Baku” TM-nin çıxışı
7. “Sea Breeze Resort” kompleksi
8. Heydər Əliyev Beynəlxalq Aeroportu – Terminal 1
9. Heydər Əliyev Beynəlxalq Aeroportu – Terminal 2

Məlumat Mərkəzlərinin iş saatları:

Şəhər ərazisində: 10:00-19:00
Heydər Əliyev Beynəlxalq Aeroportu: 24/7

.