Sosial şəbəkədə Conni Deppin boşanma qalmaqalı başlanandan bəri çəkildiyi ilk filmdən kadrlar yayılıb. Məlumata görə o, rejissor Mayvenn Le Beskonun çəkdiyi “La Favorite” (“Favorit qız”) filmində kral XV Lüdovik rolunda oynayacaq.

Tarixi dram Kral XV Lüdovikin sonuncu məşuqəsi, fəhlə sinfindən olan və sosial nərdivanı dırmaşmaq üçün zəka və cazibəsindən istifadə edən Janna Dübarrinin həyatından bəhs edir. Filmdə baş rolu Mayvenn Le Besko özü oynayacaq.

Dəqiq nümayiş tarixi hələ açıqlanmayan “La Favorite”nin gələn il yayımlanacağı vurğulanıb.

Qeyd edək ki, XV Lüdovikin rolu Conni Depp üçün son üç ildə birinci olacaq. O, keçmiş həyat yoldaşı Ember Hhördün zorakılıq iddialarına görə kino layihələrini itirib. May ayında məhkəmə Emberin sözlərini böhtan kimi tanıyıb.

 

 

.