Coğrafiya İnstitutunun Xəzərin hidrometeorologiyası şöbəsinin mütəxəssisi Ramin Atakişiyev Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları ilə birgə Abşeron yarımadasının sahil zolağının bəzi sahələrində (Sumqayıt şəhərinin Corat qəsəbəsi, Bakının Kürdəxanı, Mərdəkan və Hövsan qəsəbələri) dron aparatının köməyi ilə tədqiqat işi aparıb.

İnstitutdan verilən xəbərə görə, tədqiqatın məqsədi əvvəlcədən seçilmiş ərazilərdə kənar müdaxilələr nəticəsində Xəzər dənizinin sahilə yaxın sahələrində müxtəlif rəng çalarlarının yaranma səbəblərinin öyrənilməsi və qeyd olunan sahələrdə çirklənmə vəziyyətinin qiymətləndirilməsidir.

Monitorinq keçirilən ərazidə vizual müşahidələr zamanı dəniz səthinin sahildən təqribən 150 metr aralı məsafəyədək 3 rəng çalarlarında qəhvəyi, sarımtıl və mavi rənglərdə olması qeydə alınıb ki, bu da ilkin baxışda dənizin müxtəlif mənbələrdən çirklənməsi nəticəsinə gəlinir.

Müşahidələr aparılan zaman sahildən 10-50 metr aralığında olan qəhvəyi rəngin olması həmin ərazidə yosunların mövcudluğunu, sahildən 50-70 metr aralığında sarımtıl rəng həmin sahədə dərinliyin 20-30 sm aralığında dəyişməsi nəticəsində dənizin dibində qumsallığın görünməsini, mavi rəng isə açıq dənizdə suyun şəffaf olmasını deməyə əsas verir.

Sahil zolağından müəyyən məsafə aralıda götürülmüş dəniz suyu nümunəsi üzərində aparılmış kimyəvi və mikrobioloji təhlillərin nəticəsinə görə suyun çirklilik dərəcəsi, xəstəlik törədən bakteriyaların normadan artıq miqdarı da təyin edilib.
 

.