“Müasir Kür çayı deltasının formalaşması və dəyişməsinə təsir edən amillərin qiymətləndirilməsi” elmi-tədqiqat işinin növbəti mərhələsi yerinə yetirilib.

Tədqiqat barədə məlumat verən AMEA-nın Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov deyib ki, ümumilikdə Kür çayının aşağı axınında, o cümlədən deltasında vəziyyət mürəkkəb olaraq qalır: “Deltaya yaxın və deltanın özündə suyun üstündə müəyyən qədər nazik şirin su təbəqəsi var idi. Biz orada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri ilə suyun duzluluğunu da ölçdük. Hətta duzluluq şirin suya yaxın idi. Amma bu, o demək deyil ki, vəziyyət düzəlib. Çünki delta tərəfdə suyun üst hissəsində duzluluq normallaşıb, aşağı hissələrində isə çayın dibinə yaxın dəniz suyu hələ də qalmaqdadır. Oradan dəniz suyunun çıxardılması üçün Kürün aşağı axınına böyük su kütləsi gəlməlidir və təzyiqlə dəniz suyunu vurub oradan çıxartmalıdır. Amma hələ ki, elə su yoxdur, ona görə də problem qalır. Tədqiqata görə, Kür çayının dənizə tökülən hissəsindən yuxarıya doğru 50-60 kilometrlik məsafədə dəniz suyunun təsiri ya dolayı, ya bilavasitə hiss olunmaqdadır. Xüsusilə yay dövründə bu vəziyyət çox gərgin idi. Aparılmış müşahidələrin təhlili onu göstərdi ki, Kür çayının aşağı axınında hakim küləklərin -şimal-şərq, şərq küləklərinin təsiri ilə dəniz suyu qovularaq çayın dərəsinə dolur. Buna görə də çayda duzluluq yaranır”.

M. İsmayılov bildirib ki, yayda və oktyabrda aparılmış tədqiqatlar zamanı keçən 2-3 ay müddətində Xəzər dənizinin səviyyəsinin kəskin aşağı düşdüyü məlum olub: “Hətta dənizlə çay suyunun qovuşduğu delta hissəsində çayda adalar əmələ gəlib. Elə bil ki, dənizlə çayın dərəsi arasında təbii bənd yaranıb. Dənizlə çay arasında, çayın töküldüyü yerdə təbii bənd yaranır və o bəndin bəzi hissələrində adalar əmələ gəlir. Çayın axınının əksinə yuxarıya doğru hərəkət edəndə orada 2-3 metr dərinlik var idi. Buna görə də çayın mənsəbinə dolan dəniz suları geri qayıda bilmir. Hətta küləklər əks istiqamətli olanda da yenə geri qayıda bilmir. Hələ yağıntılardan sonra çayda müəyyən qədər şirin su olduğu halda vəziyyət budur. İyul ayında belə deyildi. Bu da onu göstərir ki, dənizin səviyyəsi aşağı düşür. Səviyyə aşağı düşdükcə də çay suyunu çətinliklə dənizə çatdıra bilir və həmin adalar əmələ gəlir”.

Şöbə müdirinin sözlərinə görə, vəziyyətdən çıxmaq üçün müxtəlif layihələr irəli sürülüb və müzakirələr gedir: “Kür deltada iki qola ayrılır. Hakim küləklər dəniz suyunu dərəyə doldurur və bunun qarşısını almaq üçün müəyyən süni bəndlərlə çayın dənizlə əlaqəsini kəsmək və cənuba doğru yeni yolun açılması irəli sürülüb. Hansı layihə effektli olacaqsa, o, həyata keçiriləcək. Hər bir layihənin müəyyən çətinlikləri var, elmi-tədqiqatlar tələb edir. Məsələni belə saxlamaq da olmaz, çünki Neftçalanın əhalisi Kürə görə orada yaşayır. Çayda belə vəziyyətin yaranması əhalidə miqrasiya tendensiyalarını sürətləndirir. Əgər şirin su yoxdursa, əhali orada niyə yaşasın? Buna görə hökumət ciddi narahatlıq keçirir. Tədqiqatlar aparılır və müəyyən həll yolları irəli sürülür. Əgər dəniz suyu çayın 50-60 kilometrlik hissəsinə daxil olubsa, bu hissəni dənizin bir hissəsi kimi qəbul etmək lazımdır. Kürə aşağı axında şirin su çatmır. Əgər şirin su çatmırsa, Neftçala əhalisinə kanallarla şirin su gətirilməsinə ehtiyac var. Kür çayının artıq şirin su daşıya bilməməsi ürəkağrıdan məsələdir. Çayın qırağı ilə hardansa kanal çəkib ondan istifadə etmək lazımdır. Məsələn, Yuxarı Şirvan kanalından su çəkmək, dəniz suyunu müəyyən qədər şirinləşdirmək olar. O ərazidən keçən Mil-Muğan kollektorunun suyunu müəyyən qədər şirinləşdirib, təmizləyici qurğularla təmizləyib istifadə etmək olar”.

M. İsmayılov vurğulayıb ki, hazırda layihələrin müzakirəsi gedir: “Mənə elə gəlir ki, optimal layihələrdən biri çayda müəyyən süni bəndlər yaratmaqla bir növ şirin suyu yığıb saxlamaqdır. Bunun da problemləri var. Əgər orada suyun durğunluğu yaranarsa, çay suyu hərəkət etməzsə, onun ətraf sahələrdən gələn yeraltı şor sularla qarışaraq keyfiyyətini itirməsi də problemdir. Ona görə bunun həlli də çətindir. Ən yaxşısı Kürə normal səviyyədə suyun gəlməsini təmin etməkdir. Problem Kürün deltasında yaransa da, səbəbi deltasında axtarmaq lazım deyil. Problemin səbəbi çayın yuxarı axınındadır. Çünki Kür çayı deltada qidalanmır, orda su sərf olunur, yuxarı axınından qidalanır. Ona görə Kürə tökülən çayları ciddi şəkildə tədqiq eləmək, su ehtiyatlarını hesablamaq, sudan səmərəli istifadə etmək, kortəbii suvarma üsullarından qəti şəkildə imtina etmək, kanallara beton üz çəkmək lazımdır. Ölkə Prezidenti də bu istiqamətdə fərman verib. Həmin istiqamətdə müəyyən işlər getsə də, güclü səviyyədə olmadığına görə hələ də Kürün deltasında, Neftçalada, Salyanın bəzi hissəsində ciddi problemlər var”.

.