bp-nin “Şahdəniz” yatağında həyata keçirdiyi kompressiya layihəsinin icrası təxminən 30%-ə çatıb.
Bunu jurnalistlərə açıqlamasında bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli deyib.
Onun sözlərinə görə, şirkət “Şahdəniz” yatağında geniş qazma proqramını davam etdirir.
Cio Kristofoli bildirib ki, kompressiya layihəsi üzrə işlər qrafikə uyğun aparılır.
“Kompressiya layihəsi üzrə yaxşı irəliləyiş əldə etmişik. Layihənin icrası hazırda təxminən 30% tamamlanıb və 2029-cu ildə kompressiya qurğusunun istismara verilməsi istiqamətində işlər davam edir”, – deyə o qeyd edib.
bp rəsmisinin sözlərinə görə, kompressiya qurğusunun istismara verilməsi “Şahdəniz” yatağında hasilatın davamlılığını təmin etməyə və yatağın istismar müddətini uzatmağa imkan verəcək.
“Bu layihə ‘Şahdəniz’ qaz yatağına yeni nəfəs verəcək”, – deyə Cio Kristofoli vurğulayıb.
O əlavə edib ki, bp yataqda ehtiyatların maksimum səmərə ilə mənimsənilməsi məqsədilə investisiyaları və qazma işlərini davam etdirir.
.
