"2009-cu ildən Azərbaycana xaricdən damazlıq heyvanların gətirilməsinə başlanıb. Ölkəyə gətirilən və biri 4,5-5 min avroya alınan inəklər 50 faiz güzəştlə fermerlərə verilir.
Yəni fermerə güzəştlə 2500 avroya başa gələn heyvanların qiyməti əslində 3 dəfə ucuzdur. Damazlıq heyvanlar baha olmaqla yanaşı məhsuldarlığı da iki dəfə aşağıdır”.
Bunu virtualaz.org saytına açıqlamasında kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov bildirib.
Ekspertin sözlərinə görə, "Aqrolizinq” Səhmdar Cəmiyyəti Almaniya və Avstriyadan holşteyn, friz, şvis, simmental cinsli damazlıq heyvanlar gətirir: "Cins heyvanın real qiymətinin qalan hissəsi - 50 faizi qabaqcadan ödənilməklə 3 il müddətinə lizinq yolu ilə sahibkarlara satılır. Lakin 50 faiz güzəşt məsələsi nisbidir. Məsələn, Avropa Birliyinin təşkil etdiyi tədbir çərçivəsində Latviyaya səfər zamanı fermerlərin heyvandarlıq kompleksində olduq. Latviyada fermerlər orta hesabla ildə 9-10 ton süd verən cins inəkləri Almaniya və Avstriyadan birini 1300 avroya alırlar”.
V.Məhərrəmov dedi ki, damazlıq heyvanların gətirilməsi süd istehsalının artırılması üçündür: "Lakin süd istehsalı ilə bağlı verilən rəsmi rəqəmlər yanlışdır. Məsələn, Dövlət Statistika Komitəsinin 2010-cu ildə dərc etdiyi 2009-cu ilin statistik göstəriciləri məcmusunda ölkə üzrə süd istehsalının 1.678.114 ton olduğu göstərilib.
Lakin 2011-ci ildə çap olunan kitabda 2009-cu ilin istehsal göstəricilərini korrektə edərək rəqəmləri 1.433.114 tonadək azaldıblar. Bu, 2010-cu ilin istehsal göstəricilərinin daha yüksək təqdim olunması məqsədini daşıyır. Buna görə də məhz 2009-cu ildən başlayaraq xaricdən ölkəmizə damazlıq heyvanların gətirilməsinə başlanıb. Bu illər ərzində dövlət büdcəsindən milyonlarla manat maliyyə vəsaiti xərcləyərək xaricdən 10 min başdan çox südlük cins mal-qara gətirilib. Nəzərə alaq ki, onların baş sayı günbəgün artmalı idi. Çünki gətirilən heyvanlar mayalandırılmış, bala verəcək düyələr olub. Bu gün həmin heyvanların ümumi sayı 30 min başdan yuxarı olmalı idi.
Əlbəttə, bu qədər say artımı ilə yanaşı artım özünü məhsulda da göstərməli idi. Bundan əlavə dövlət büdcəsindən 4 milyon manatdan artıq vəsait xərcləyərək artıq 9 ildir ki, Azərbaycanda Süni Mayalandırma Mərkəzi də istifadəyə verilib. Bu qədər dövlət və sahibkarlar hesabına yatırılmış külli miqdarda vəsaitlər, investisiyalar səmərə verdimi?”
V.Məhərrəmov Azərbaycana xaricdən gətirilən cins damazlıq inəklərin yerli mühitə uyğunlaşmadığını və bir çoxunun tələf olduğunu da xatırlatdı: "Belə olan halda ölkəyə mütəmadi olaraq cins heyvanların gətirilməsinin mümkün perspektivi varmı? Hətta 2002-cü ildə əsas heyvandarlıq məhsullarının idxalı indikindən xeyli az idi. Belə ki, həmin ildə 15 milyon ABŞ dolları dəyərində 16,6 min ton süd, qaymaq, kərə yağı və digər süd məhsulları idxal olunmuşdu. Sonrakı 2003-cü ildə bu mallar qrupu üzrə təxminən bir o qədər - 15,9 milyon dollarlıq 15,8 min ton məhsul idxal olundu. Dövlət büdcəsindən bu sahənin inkişafı adı ilə külli miqdarda maliyyə xərclənsə də 10 il sonra süd məhsulları idxalının həcmi 2 dəfə artaraq 32 min tona çatıb, dəyər ifadədə isə 3 dəfəyə yaxın artaraq 44,7 milyon ABŞ dolları təşkil edib.
Kərə yağının, pendirin, qaymağın, quru südün idxal qiyməti dünya bazarında təklif olunan məhsulların qiymətlərindən 4-5 dəfə aşağı dəyərdə sənədləşdirilir. Bunu nəzərə alaraq hesablamalar aparsaq, ölkəmizə gətirilən südün çəkisinin 1 milyon tondan çox olduğu ortaya çıxar. Bu ilin ilk 3 ayı ərzində isə süd məhsulları idxalı 12,66, o cümlədən süd 6,20, kərə yağı 48,43 faiz artıb. Yalnız bu ilin birinci rübündə 9,3 milyon dollar dəyərində süd və kərə yağı idxal olunub. Ölkəyə idxal olunan pendir və digər süd məhsulları haqqında isə hələ ki, məlumat əldə etmək mümkün deyil”.
Ekspert dedi ki, Azərbaycana çoxlu sayda cins mal-qara gətirilməklə paralel ölkəyə daha çox süd məhsulları idxal olunur: "Südlük istiqamətdə cins mal-qara gətirilirsə, bu, özünü süd, kərə yağı, pendir istehsalında göstərməli idi. Yəni bu qədər sərmayənin müqabilində süd istehsalı artmalı idi, ancaq əksi müşahidə edilir. Bu, qanunauyğunluq baş vermirsə, onda problemin kökünü axtarıb tapmaq lazımdır. Ölkəyə baha qiymətə iribuynuzlu cins mal-qara gətirməkdənsə mövcud olan cins mal-qaranın tərkibini yaxşılaşdırmaq lazımdır. Bunun üçün keyfiyyətli genetik materiallar gətirməklə süni mayalandırma üsulu ilə yerli şəraitə daha tez uyğunlaşa biləcək cins mal-qara yetişdirmək mümkündür. Yəni mövcud olan damazlıq heyvanlardan südlük istiqamətdə yeni cins mallar alınar və bu da müsbət nəticə verər”.
V.Məhərrəmov maldarlığın yem potensialına da toxundu: "Nəzərə almaq lazımdır ki, ölkənin yem potensialı çox zəifdir. Maldarlığı inkişaf eitdirmək üçün öncə yem bazası yaratmaq lazımdır. Yem az olduğu halda mal-qaranın baş sayını xaricdən cins mal-qara gətirmək hesabına artırmaq tamamilə absurddur. Bu halda məhsuldarlıq arta bilməz. Əksinə, həmin mal-qaranın ölkəyə gətirilərək az yem şəraitində saxlanılması onlarda məhsuldarlığın azalmasına, fiziki cəhətdən zəifləməsinə, ölüm hallarına səbəb olar”.
Qeyd edək ki, MDB ölkələri sırasında adambaşına 703 kiloqram süd istehsal edən Belarus birinci yerdə, Qazaxıstan 287 kiloqramla ikinci, Ukrayna 253 kiloqramla üçüncü yerdədir.
Azərbaycan adambaşına süd istehsalına görə Tacikistan və Moldovadan irəlidə olsa da Ermənistandan və digər MDB ölkələrindən geridə qalır. Bu göstərici Azərbaycan üzrə 193 kiloqram, Ermənistan üzrə isə 208 kiloqram təşkil edir. İstehsal olunan süd və süd məhsulları ölkə əhalisinin tələbatının yalnız 53 faizini təmin edir.
Onu da qeyd edək ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) hesabatında Azərbaycanda adambaşına süd və süd məhsullarının istehlakınin aşağı olduğu qeyd olunur. Süd və süd məhsullarının istehlakı norması adambaşına 360 kiloqram müəyyən olunsa da il ərzində 248 kiloqram istehlak edilir.

.