28 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində BMT-nin baş katibi Antonio Quterreş ilə görüşüb.

Bu barədə APA-ya Xarici İşlər Nazirliyindən xəbər verilib.

Görüşdə Azərbaycan və BMT arasında mövcud əməkdaşlıq gündəliyi, Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına hazırlıq işləri, habelə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət müzakirə olunub.

Nazir Ceyhun Bayramov Azərbaycanın BMT, onun ixtisaslaşmış qurumları ilə əməkdaşlığı yüksək qiymətləndirildiyini bildirib. Xüsusilə, COP29 sədrliyimiz çərçivəsində aktiv əməkdaşlığımızın sədrliyin uğurla həyata keçirilməsində mühüm rol oynadığı diqqətə çatdırılıb.

COP29 sədrliyimiz çərçivəsində prioritet istiqamətlər və sədrlik təşəbbüsləri barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov, COP29 çərçivəsində xüsusilə İqlim Maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Məqsədinin razılaşdırılması istiqamətində aktiv fəaliyyət aparıldığını bildirib.

Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, keçmiş məcburi köçkünlərin öz evlərinə ləyaqətli qayıdışının təmininə istiqamətlənən bərpa və quruculuq işləri, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi, ikitərəfli danışıqlar, habelə sülh müqaviləsinin imzalanmasının qarşısında duran əsas çağırışlar barədə ətraflı məlumat verilib.

İkitərəfli danışıqlar prosesi çərçivəsində əldə olunan bir sıra irəliləyişlərə baxmayaraq, Ermənistan Konstitusiyası, habelə digər qanunvericilik aktlarında ölkəmizə qarşı ərazi iddialarının sülh qarşısında əsas maneə olduğu vurğulanıb.

Görüşdə yeni əməkdaşlıq istiqamətləri və qarşılıqlı maraq kəsb edən digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.
 

 

.