“Bu gün səhər saatlarında həmkarım Prezident İlham Əliyev tərəfindən qəbul edilib”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili ilə birgə mətbuat brifinqində deyib.

“Bu il Azərbaycan-Gürcüstan münasibətlərinin qurulmasının 30 illiyi qeyd olunacaq. Bu 30 il ölkələrimiz arasında bütün sahələrdə inkişaf dövrü olub. Münasibətlərimizin əsasında tarixi bağlılıq, mehriban qonşuluq prinsipi dayanıb. Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını daim dəstəkləyib. Eyni yanaşmanı biz Gürcüstan tərəfindən görmüşük”, - Ceyhun Byaramov deyib.

Nazir qeyd edib ki, ölkələr arasında 1 134 müqavilə imzalanıb və icra edilib: “Hazırda ölkələr arasında 19 müqaviləyə baxılmaqdadır. Biz yaxın zamanlarda da həmin müqavilələrin imzalanmasını və icra edilməsini izləyəcəyik. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 800 milyon ABŞ dollarına yaxın olub. 2022-ci ilin birinci rübündə artıq ticarət dövriyyəsi 262 milyon dollar olub. Bu tempi saxlasaq 2022-ci ildə ticarət dövriyyəmiz 1 milyard dolların üstündə olacaq”.

Ceyhun Bayramov: “Ermənistanla təmaslarımızın bəzi nəticələri var”

“Azərbaycan və Gürcüstan arasında beynəlxalq çərçivədə də çox uğurlu əməkdaşlıq mövcuddur”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili ilə birgə mətbuat brifinqində deyib.

Nazir bildirib ki, bu koordinasiya gələcəkdə də davam etdiriləcək: “Bu gün görüşdə azad edilən ərazilərlə bağlı son bir il ərzində həyata keçirilmiş layihələr, onların mövcud durumu, yaxın illərə olan planlarımız, məcburi köçkünlərin ora qayıdışı ilə bağlı layihələr qarşı tərəfə çatdırıldı. Münaqişəyə son qoyulandan sonra bizim üçün prioritet məsələlərdən biri bölgədə davamlı sülhün təmin edilməsidir. Bununla bağlı da həmkarımla danışıqlar aparmaq imkanım oldu. Artıq Ermənistan XİN-lə təmaslarımız nəticəsində bəzi nəticələrimiz var. Mənim artıq Ermənistanın xarici işlər naziri ilə 2 telefon danışığım olub. Sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı Komissiyanın fəaliyyətə başlaması üçün artıq şərait mövcuddur”.

XİN başçısı: “Ermənistandan avtomobil və dəmir yolları ilə bağlı konkret addımlar gözləyirik”

“Azərbaycan öz ərazisində həm dəmir yolu, həm avtomobil yolu layihələrini uğurla icra edir”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili ilə birgə mətbuat brifinqində deyib.

Nazir qeyd edib ki, öz üzərinə düşən hissəsini 2023-cü ilə qədər yekunlaşdırmağı planlaşdırır: “Biz Ermənistanda da bu istiqamətdə işlərlə bağlı konkret addımlar gözləyirik. Bölgədə olan proseslər, xüsusilə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasından danışarkən bu, ilk növbədə Cənubi Qafqazda olan 3 ölkə üçün maraqlıdır. Gürcüstan tərəfi də bunu dəstəkləyir. Eyni zamanda, Cənubi Qafqaza bizim birgə evimiz kimi baxdığımız zaman Azərbaycan-Gürcüstan əməkdaşlığı burada model kimi istifadə oluna bilər. Bu istənilən iki qonşu ölkə üçün model rolunu oynayır. Təbii ki, Ermənistan da beynəlxalq hüququn norma və prinsiplərinə riayət etməklə beynəlxalq layihələrdə öz yerini tuta bilər”, - nazir bildirib.

.