“Azərbaycanın azad edilmiş ərazilərində dağıntının miqyasını təsvir etmək çətindir”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrailin “Israel Hayom” nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, demək olar bütün dini-mədəni abidələr, xəstəxanalar, məktəblər, yaşayış binaları talan edilib və sonra yerlə-yeksan edilib.

Nazir bildirib ki, azad edilmiş ərazilər minalar və partlamamış hərbi sursatlarla ağır şəkildə çirkləndirilib, eyni zamanda ətraf mühitə də böyük ziyan vurulub, meşələr məqsədli şəkildə məhv edilib: “İşğalın davam etdiyi on illər boyu Ermənistan yüz minlərlə azərbaycanlı məcburi köçkünün evlərinə qayıtmasının qarşısını almaq üçün hər şeyi edib. Ancaq biz bu əraziləri yenidən qurmaq və bərpa etməkdə qərarlıyıq. Azad edilmiş ərazilərdə dinc həyat tam şəkildə bərpa olunacaq”.

XİN başçısı vurğulayıb ki, Azərbaycan istər müharibə dövründə, istərsə də sonra 1949-cu ilin Cenevrə Konvensiyası da daxil olmaqla, beynəlxalq humanitar hüququn norma və prinsiplərinə ciddi şəkildə əməl edib: “Döyüşlərin ilk günündən Azərbaycanın hərbi komandanlığı hərbi heyətə Cenevrə razılaşmalarına riayət edilməsinin zərurəti barədə xüsusi təlimat verib. Ordumuz vətəndaşımız hesab etdiyimiz mülki insanları heç vaxt qəsdən hədəf almayıb.

Düşmən isə tez-tez yaşayış yerlərində ağır artilleriya və raket sistemləri yerləşdirirdi. Erməni qüvvələri bu silahlardan əhalinin sıx yerləşdiyi Azərbaycan ərazilərini atəşə tutmaq üçün fəal şəkildə istifadə edirdi. Azərbaycanın Tərtər şəhəri xüsusilə ağır dağıntıya məruz qaldı, xarici jurnalistlər buranı hətta Stalinqrad adlandırırdı. Erməni komandirlər tez-tez məktəb və uşaq bağçalarını hərbi qərargah kimi istifadə edirdilər. Bütün bu faktları Ermənistan tərəfdən reportaj hazırlayan xarici jurnalistlər də qeydə alıb. Qeyd olunmalıdır ki, Ermənistan silahlı qüvvələrinin raket və artilleriya hücumları nəticəsində 101 azərbaycanlı mülki şəxs ölüb, 500-ə yaxın insan yaralanıb. Mülki ölüm hadisələrinin hər biri Azərbaycan Ombudsmanının hesabatlarında bütün təfərrüatları ilə sənədləşdirilib”.

.