Biz İranda yeni Prezident fəaliyyətə başladıqdan sonra münasibətlərin daha da inkişaf etdiriləcəyini gözləyirik.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

"İranda yeni Prezident seçildi, Azərbaycan Prezidenti bu münasibətlə öz təbrikini çatdırdı. Biz bundan öncə Azərbaycan və İran arasında razılaşdırılmış layihələrin icrasında maraqlıyıq", - deyə nazir qeyd edib.

Nazir söyləyib ki, Azərbaycan İranla münasibətlərin inkişafında maraqlıdır: "İran bizim böyük qonşumuzdur, xalqlarımızın tarixi əlaqələri var. Bizim birgə gələcəyə baxış proqramımız var. İnanırıq ki, münasibətlər daha da inkişaf edəcək".

Xatırladaq ki, iyulun 5-də İranda dövlət başçısı İbrahim Rəisinin ölümündən sonra təyin edilmiş növbədənkənar prezident seçkilərinin ikinci turu keçirilib. İslahatçılar qanadının namizədi, keçmiş səhiyyə naziri Məsud Pezeşkian ümumi səslərin 53,6 %-ni toplayaraq qalib gəlib. Mühafizəkar Səid Cəlili 44,3 % səs toplayıb.

.