“Şuşa Bəyannaməsinin imzalanması, iki ölkə prezidentinin iştirakı ilə Füzuli Beynəlxalq Hava Limanının açılışı, İstanbulda Türk Dövlətləri Təşkilatının sammitinin keçirilməsini qeyd etmək istərdim. Azərbaycan Türkiyə münasibətləri o qədər genişdir ki, saatlarla danışmaq olar”.

Bunu bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdən sonra keçirilən brifinqdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib.

Ceyhun Bayramov deyib ki, bu gün ölkə liderlərinin iştirakı ilə əldə edilmiş razılaşmaların icrası ilə bağlı müzakirələr aparılıb: “Məsələn, Şuşa Bəyannaməsi müxtəlif sahələri əhatə edir. Hərbi, texniki, humanitar, diaspor, İKT sahəsində əməkdaşlıq və s. Azad edilmiş ərazilərin bərpasında, infrastruktur layihələrində Türkiyə şirkətləri iştirak edir. Türkiyə şirkətləri tək icraçı deyil, həm də sərmayədar kimi Qarabağa cəlb olunub. Bu istiqamətdə mədən və kənd təsərrüfatı sahəsində Qarabağ bölgəsinə investisiyalardan danışa bilərik. Araz Vadisi və Ağdam Sənaye Zonalarında yaradılan şəraitdən danışdıq. Mən inanıram ki, yaxın vaxtlarda o sənaye zonalarında çox saylı Türkiyə şirkətlərini görəcəyik”.

Nazir: “Dövlət başçıları sayəsində Azərbaycan-Türkiyə birliyi ən yüksək səviyyədədir”

“Türkiyə və Azərbaycan arasında dostluq, qardaşlıq, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri hər zaman sıx olub. Dövlət başçılarının sayəsində bu birlik hazırda ən yüksək səviyyədədir”.

Bunu bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdən sonra keçirilən brifinqdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib.

Ceyhun Bayramov deyib ki, 44 günlük savaşı Azərbaycan-Türkiyə qardaşlığının daha bir təzahürü oldu: “Türkiyənin dəstəyi bizə əlavə güc verdi, ruhlandırdı. Müharibə başa çatdıqdan dərhal sonra razılaşmaların icra edilməsində, eyni zamanda, Birgə Monitorinq Mərkəzində Türkiyə iştirak etdi. Türkiyə şirkətləri bərpa-quruculuq işlərində də iştirak edir”.

Ceyhun Bayramov və Çavuşoğlu Ermənistanla münasibətlərin normallaşmasını müzakirə edib

“Biz Azərbaycan və Ermənistan arasında kommunikasiyaların açılması, delimitasiya və demarkasiya məsəlləri, o cümlədən Türkiyə-Ermənistan münasibətlərinin normallaşması barədə hərtərəfli müzakirə apardıq ”.

Bunu bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdən sonra keçirilən brifinqdə xarici işlər naziri Ceyhun Bayramov bildirib.

C. Bayramov deyib ki, üçtərəfli və dördtərəfli formatlarda görüşlərin keçirilməsi ilə bağlı Azərbaycan və Türkiyə arasında yol xəritəsi də cızılıb.

TDT çərçivəsində yeni platformalar yaradılacaq

“Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində yeni platformalarının yaradılması gözlənilir”.

Bunu bu gün Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdən sonra keçirilən brifinqdə xarici işlər naziri Ceyhun Bayramov bildirib.

C. Bayramov deyib ki, keçən il ölkələr arasında ticarət dövriyyəsi 12 faiz artıb.

“Azərbaycan Türkiyəyə 19.3 milyard, Türkiyə Azərbaycana ümumilikdə 13,2 milyard dollar sərmayə yatırıb. Avrasiyanın enerji xəritəsində böyük dəyişikliklər Azərbaycan və Türkiyənin iştirakı ilə baş verib. Bu istiqamətdə hələ də potensiallar mövcuddur. Turizm və digər istiqamətlərdə də böyük potensiallar var", – nazir qeyd edib.

Azərbaycan nümayəndə heyəti Antalya Diplomatik Forumuna qatılacaq

“Azərbaycandan böyük nümayəndə heyəti gələn həftə Antalya Diplomatik Forumuna qatılacaq”.

Bunu bu gün Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdən sonra keçirilən brifinqdə xarici işlər naziri Ceyhun Bayramov bildirib.

C. Bayramov deyib ki, bu, çox əhəmiyyətli bir tədbir olacaq: “Biz də məmnuniyyətlə bu tədbirdə iştirak edəcəyik” – nazir qeyd edib.

.