“BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı iclasının təşəbbüskarı Azərbaycan olmayıb. Rəsmi müraciəti Ermənistan edib, təşəbbüs isə Təhlükəsizlik Şurasının daimi üzvü Fransa tərəfindən gəlib. Qarşı tərəfin yalan dolu və emosional göstərmək istədiyi çıxışından fərqli olaraq, biz şuranın imkanlarından səmərəli formada istifadə etdik”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Report”un ABŞ bürosuna müsahibəsində bildirib.

O söyləyib ki, toplantı zamanı Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqlı mövqeyini, rəsmi Bakının legitim addımlarını faktlarla, dəlillərlə bütün dövlətlərin, beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb.

“Təhlükəsizlik Şurasının iclasından əlavə olaraq Nyu Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində də çoxsaylı görüşlər keçirir və tədbirlərdə iştirak edirik. Bu bir fürsətdir və bugünlərdə bütün dünya liderləri, hökumət nümayəndələri, xarici işlər nazirləri buradadırlar. Burada bizim təşəbbüsümüzlə keçirilən, eləcə də bizimlə görüş üçün müraciət edən ölkələrin sayı çoxdur”, - XİN başçısı vurğulayıb.

C.Bayramov deyib ki, bölgədə son günlərdə yaşanan hadisələr hər kəsi narahat edir və hər kəsin diqqət mərkəzindədir: “Suallar verilir və eyni zamanda ikitərəfli formatlarda da biz öz mövqeyimizi çatdırırıq. Bütün dəlilləri təqdim edirik, ötən zaman ərzində tərəfimizdən atılan addımlarla bağlı və bunun qarşılığında Ermənistanın atdığı qeyri-konstruktiv addımlarla bağlı məlumatlar veririk. Hesab edirəm ki, bir çox ölkələr Azərbaycanın haqlı olduğunun və Azərbaycan tərəfinin həqiqətən də vəziyyəti bu səviyyəyə gətirməmək üçün bütün adekvat addımlar atdığının şahidi olurlar. Bu gün də bizim üçün olduqca önəmli bir gündür. Belə ki, bu gün BMT Baş Assambleyasında çıxış edəcəyəm və ölkəmizin mövqeyini çatdırmaq imkanımız olacaq”.

C.Bayramovla geniş müsahibəni bu link vasitəsilə oxuya bilərsiniz.

Qeyd edək ki, Azərbaycanın XİN başçısı hazırda BMT Baş Assambleyasının (UNGA) 78-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirak etmək üçün Nyu Yorkda səfərdədir.

.