Cənubi Qafqazda sülhün təsis edilməsi rifah yolunu açacaq. Buna da ən çox Ermənistanın ehtiyacı var.
Bu barədə Qərbi Azərbaycan İcmasının “Qayıdış hüququ – Ermənistandan zorla çıxarılan Azərbaycanlılar üçün ədalətin təşviqi” mövzusunda ikinci beynəlxalq konfransda çıxışı zamanı Türkiyə Respublikasının sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin üzvü, NATO Parlament Assambleyasında Nümayəndə heyətinin rəhbəri cənab Mövlud Çavuşoğlu deyib.
O qeyd edib ki, Ermənistanın Qarabağı işğal etməsi bir çox kədərə səbəb oldu.
“Öz yurdlarından edilən insanların evləri, gələcəyə olan ümidləri əllərindən alındı. Bütün azərbaycanlılar bu hadisədən təsirləndi. Təəssüfki, beynəlxalq ictimaiyyət Azərbaycanın məruz qaldığı haqsızlığa qarşı səsssiz qaldı. Lakin, bu zülmü edənlərə dəstək oldu. Amma Azərbaycan 30 illik işğaldan sonra öz torpaqlarını azad etdi. Qarabağ torpaqlarında Azərbaycan bayrağının dalğalanlanması qürur mənbəyimizdir.
Azərbaycanın azad edilən ərazilərdə gördüyü bərpa-quruculuq işlərinin sürəti bizi çox məmnun edir”,- deyə o bildirib.
M.Çavuşoğlu qeyd edib ki, Ermənistanda dağıdılan Azərbaycanın mədəni mirasının bərpası böyük önəm daşıyır.
“Ermənistanın bununla bağlI UNESCO missiyasına icazə verməməsi təəssüf doğurur. Azərbaycanın səbrli və sülh yönümlü davranışları təqdir edilməlidir.
Qeyd edək ki, konfransda 51 ölkədən 100-dən çox nümayəndə iştirak edir.
Tədbirdə Qərbi azərbaycanlıların Ermənistandan zorla çıxarılmasının tarixi, onların qayıdış hüququnun əsasları, mədəni irsinin bərpası və bu sahədə diplomatik səylər müzakirə ediləcək.
Xatırladaq ki, dekabrın 5-i Qərbi azərbaycanlıların 1987-1991-ci il deportasiyasının anım günüdür. Sözügedən günlə bağlı ötən il də analoji beynəlxalq konfrans keçirilib. “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: qlobal kontekst və ədalətli həll” mövzusuna həsr olunan beynəlxalq konfransda 44 ölkədən 100-dən çox nümayəndə iştirak etmişdi.
.