Onsuz da münaqişələr girdabında olan üç Cənubi Qafqaz respublikasında qoyunlar ətrafında əsl iqtisadi "müharibə” gedir.Virtualaz.org saytı xəbər verir ki, erməni qoyunları gürcü qoyunlarını bazardan sıxışdırıb çıxarır, Azərbaycan isə Gürcüstan üzərindən idxal etdiyi qoyunların pulunu vermir.
Gürcüstanın Qoyunçuluq Assosiasiyasının rəhbəri Beka Qonaşvili "Kommersant”a açıqlmasında deyib ki, gürcü qoyunlarına qonşu müsəlman ölkələrində tələbat kəskin azalıb və bunun əsas səbəbi Ermənistandan qoyun ixracının xeyli artmasıdır.
B.Qonaşvilinin dediyinə görə, hazırda gürcü qoyunlarının yeganə sabit idxalçısı Azərbaycandır. Çünki siyasi səbəblərə görə Ermənistan Azərbaycana birbaşa qoyun ixrac edə bilmir.
Bəs necə olur ki, erməni qoyunları gürcü qoyunlarını bazardan sıxışdırıb çıxarır?
Məlum olur ki. bunun səbəbi erməni qoyunlarının qiymətinin xeyli ucuz olmasıdır. Gürcüstanda 1 kilo qoyun ətinin qiyməti 3,5-4 dollardır, Ermənistandan ixrac edilən qoyunların ətinin kiloqramı isə cəmi 2 dollardır. Bu qiymət fərqi bir diri qoyunda 30 dollara qədər çıxa bilər. Nəticədə xarici idxalçılar erməni qoyunlarına üstünlük verir.
"Bundan başqa ciddi problem odur ki, Azərbaycandan olan qoyun idxalçıları heyvanları tez-tez nisyə alır. Və elə hallar var ki, qoyun yetişdirənlər hələ ötən ildən Azərbaycana satdıqları heyvanların pulunu indiyədək ala bilmirlər” - Beka Qonaşvili deyib.
Assosiasiya rəhbərinin sözlərinə görə, əvvəlki illərdə gürcü qoyunları 12 ölkəyə ixrac olunurdu. Bura İran, Azərbaycan, Oman, İordaniya, Misir, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı daxildir. Lakin 2010-cu ildən Gürcüstandan İrana və Səudiyyə Ərəbistanına qoyun idxalı qadağan olunub. Çünki gürcü qoyunlarında xəstəlik aşkar olunub. Birləşmiş Ərəb Əmirlikləri isə gürcü qoyunlarının idxalına dair tələbləri sərtləşdirib.
B.Qonaşvilinin sözlərinə görə, bu tələblər ucbatından Dubaya qoyun ixrac etmək sərfəli deyil. O, hökumətin qoyun yetişdirənlərə dəstək verməsinin zəruri olduğunu, əks halda bu sahədə işləyən 20 minə yaxın adamın işsiz qalacağını deyib.
Qeyd edək ki, Azərbaycana Gürcüstandan qoyun idxalı sərt inhisar altındadır və bu işlə nüfuzlu oliqarxlardan birinin çevrəsi məşğul olur. Gürcüstandan ucuz qoyun idxalı isə Azərbaycanda qoyunçluğun, xüsusən fərdi təsərrüfatlarında məhdud sayda qoyun yetişdirən kəndlilərin vəziyyətinə mənfi təsir edir.
Azərbaycanda yem bazası qıt olduğu üçün maldarlıq və qoyunçuluq son illər getdikcə daha az rentabelli olur. Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin heyvandarları ucuz yemlə təchiz etmək üçün göstərdiyi fəaliyyət isə qətiyyən qənaətbəxş hesab edilə bilməz. Bu sahəyə ayrılan subsidiyaların ciddi effekti yoxdur.
Digər tərəfdən, sirr deyil ki, idxalçılar Gürcüstan üzərindən həm də Ermənistan mənşəli qoyunları ölkəyə idxal edirlər. Ucuz erməni qoyunları Gürcüstan bazarına daxil olaraq yerli qoyunları sıxışdırır. Azərbaycandan olan idxalçılar üçün isə erməni və gürcü qoyunları arasında qiymət rəqabəti daha ucuz mal idxal etmək üçün yaxşı fürsət yaradır. Qoyunun üzərində sənədləri və harada istehsal olunduğu haqda müvafiq sertifikatı olmadığından Ermənistan qoyunlarını Gürcüstan üzərindən idxal etmək elə də mürəkkəb məsələ deyil.
Bundan əvvəl Azərbaycana Gürcüstan üzərindən Ermənistan kartofunun idxalına dair məlumatlar var idi..
