Yenizaman.az ARB Cənub televiziyasına istinadən bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyası Cənub bölgəsində sürüşmə sahələrində monitorinq aparıb.
Nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov mətbuata açıqlamasında deyib ki, Cənub bölgəsi ekzogen-geoloji proseslərə məruz qalan ən aktiv ərazilərdən biridir. Masallı rayon mərkəzindən 25 km məsafədə yerləşən Zuvand kəndindəki qədim sürüşmə sahəsində hazırda aktivlik müşahidə olunur.
Ekspedisiya rəisi onu da bildirib ki, Masallı-Zuvand yolunda yerləşən Güllütəpə kəndində vətəndaşlara verilən pay torpaqlarında sürüşmə baş verib. Sürüşmənin uzunluğu 300-350 metr, eni 75-80 metr, qırılma qaşının hündürlüyü 4-5 metrdir. Sürüşmə artıq evə çatıb, bir ev təhlükəli vəziyyətlə üzləşib. Əziz Qaralov həmçinin bildirib ki, Lerik rayonunun Davradibi kəndində 2 yaşayış evində lokal sürüşmə-çökmə hadisəsi baş verib. Hər iki ev üçün təhlükə gözlənilir. Bundan başqa, Lerik rayonu Bürsülüm kəndinin cənub hissəsində də aktiv fazada olan sürüşmə qeydə alınıb. Həmçinin Piran-Veri-Əliabad yolunun 12-14-18-ci km-də çox saylı çökmə və uçqunlar baş verib.
.
