Ötən ay 20 gündən çox davam edən intensiv yağışlar Cəlilabad rayonunun sürüşmə zonalarını bir qədər də aktivləşdirib. Bu dəfə rayonun sürüşməyə məruz qalan Pərdi kəndində özünü daha çox büruzə verdi.
Yenizaman.az ARB Cənub-a istinadən xəbər verir ki, Cəlilabadın Pərdi kəndi ərazisində otlaq və əkin sahələrində yerin torpaq qatında iri çatlar əmələ gəlib, bəzi yerlər sürüşərək yararsız hala düşüb.
Yerli sakinlərin sözlərinə görə, ərazidə yağıntılar davam etdikcə sürüşmənin əhatə dairəsi daha da genişlənir. Sürüşmənin baş verdiyi bəzi ərazilərdə isə texnikaların əkin sahələrinə girməsi çətinləşib.
Cəlilabad-Yardımlı avtomobil yolu üzərində də təhlükə qalmaqdadır. Yolun təpəlik ərazilərdən keçən sərt döngələrində yol kənarındakı torpaq layları sürüşərək yola doğru hərəkət edir. Artıq yolun Pərdi kəndindən keçən hissəsində müxtəlif ərazilərdə iri çatlar əmələ gəlib.
Qeyd edək ki, torpaq sürüşməsinin baş verdiyi bu ərazi Cəlilabadda sürüşmənin ən aktiv olduğu zonalardan biri hesab olunur.
