Son günlər Cəlilabad rayonunun İranla həmsərhəd olan bir çox kəndlərində fermerlər ciddi problemlə üz-üzə qalıb. Rayonun ucqar dağ kəndlərində taxıl sahələri məhv ola bilər. Sahələr hər hansı bir xəstəlik ucbatlndan deyil, çöl donuzları tərəfindən məhv edilir. Yem qıtlığı yaşayan çöl donuzları sürü şəklində əkin sahələrinə axın edirlər. 

Bu vəziyyət özünü daha çox qonşu İranla həmsərhəd olan Boyxanlı yaşayış məntəqəsinin ərazisində biruzə verir. Belə ki, ötən ilin payızında taxıl əkib bu il bol məhsul götürəcəklərinə ümid edən torpaq sahibləri bu günlərdə gördüklərinə inanmayıblar. Məlum olur ki, sahələri çala-çuxur vəziyyətə salan çöl donuzlarıdır. 

Torpaq mülkiyyətçilərinin sözlərinə görə, burada icarəyə verilmiş dövlət fond torpaqlarında əkilmiş taxıl sahələri yararsız vəziyyətə düşüb. Sərhəd zolağı boyu əkilmiş sahələrə axşamlar çöl donuzları sürü halında daxil olaraq orada iri çalalar əmələ gətirir. Yem axtarmaq məqsədi ilə iri çalalar qazan çöl donuzları sahələri məhv edirlər.

Uzun müddətdir ki, qabaqlayıcı tədbirlər görülmədiyi üçün artıq bu heyvanların sayı xeyli artıb. Bəzi yerlərdə çalaların dərinliyi hətta 40-50 santimetrə çatdığından sahələrdə texnikaların işləməsi mümkün deyil. 200 hektardan çox olan taxıl sahəsinin hər gün 1 hektarı çöl donuzları tərəfindən məhv olur. Bu da torpaq sahiblərini ciddi narahat edir. 

Artıq bu barədə Cəlilabad rayon kənd təsərrüfatı idarəsinə də məlumat verilib. Qurumdan verilən məlumata görə, taxılçılıqla məşğul olan torpaq sahiblərinin müraciəti əsasında Kənd Təsərrüfatı Nazirliyinə və Dövlət Sərhəd Xidmətinə məsələ ilə bağlı rəsmi məlumat verilib. Müvafiq cavab alındıqdan sonra taxıl sahələrinin çöl donuzları tərəfindən məhv olmasının qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görüləcək.

.