
Cəlilabad şəhərində münaqişə zəminində baş verən qətl hadisəsi ilə bağlı təfərrüatlar məlum olub.
Yenizaman-ın APA-ya istinadən verdiyi xəbərə görə, Cəlilabad rayon Səttərxan küçəsində yaşayan, 1988-ci il təvəllüdlü Hüseynov Bəhruz Ədalət oğlu yaşadığı ünvanda bıçaqlanaraq qətlə yetirilib.
Bəhruz Hüseynovun həyat yoldaşı Fəridə Hüseynova APA-ya bildirib ki, yoldaşı axşam saatlarında işdən evə qayıtdıqdan sonra qonşu otaqdan gələn səsləri eşidib. Evdə bacısının da olması səbəbilə əvvəlcə bundan şübhələnməyib. Lakin otağın qapısını açdıqda orada bacısı ilə birlikdə yad bir şəxsi, Göytəpə şəhər sakini, 2006-cı il təvəllüdlü Orxan Əkbərovu görüb.
Aralarında yaranan mübahisə zamanı Orxan Əkbərov cibindən çıxardığı bıçaqla Bəhruz Hüseynovun ürək nahiyəsinə zərbə vurub. İkinci zərbənu vurmağa həyat yoldaşı mane olub. Bundan sonra Orxan Əkbərov hadisə yerindən qaçaraq gizlənib.
Ağır yaralanan Bəhruz Hüseynov dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və orada ölüb.
Cinayəti törətməkdə şübhəli bilinən Orxan Əkbərov saxlanılıb.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir. Mərhum avtomobil ustası olub, iki övladı qalıb.
Bəhruz Hüseynov doğulduğu rayonda dəfn edilib.
***
08.43
Cəlilabadda qətl hadisəsini törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Həmin cinayət əməlini törətməkdə ittiham olunan 2006-cı il təvəllüdlü Orxan Əkbərov polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.
Araşdırmalar aparılır.
.