Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Bu gün Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salınıb.

Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Cəbrayıl rayonunun Horovlu kəndinə 22 ailə (85 nəfər) o cümlədən, Biləsuvar rayonundan – 11 ailə (40 nəfər), Bakı şəhərindən – 7 ailə (28 nəfər), Abşeron rayonundan – 2 ailə (8 nəfər), Beyləqan rayonundan – 1 ailə (5 nəfər), Şirvan şəhərindən – 1 ailə (4 nəfər) köçürülüb.

Bu günə qədər sözügedən əraziyə cəmi 172 ailə (692 nəfər) köçürülüb. Boş olan 19 evə qrafikə əsasən dekabr ayının 24-ü köç olacaq.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Beləliklə, 15.12.2025-ci il tarixindəki köç də nəzərə alınmaqla ümumilikdə 10 rayonun 30 yaşayış məntəqəsində 5993 ailə (23 860 nəfər) məskunlaşmış olacaq.

.