Bu gün ordumuzun şanlı qələbələri və cəbhədəki son vəziyyətlə bağlı operativ və dəqiq məlumatların çatdırılmasında azərbaycan jurnalisti peşəkarcasına xidmət edir. Artıq bir neçə gündür ki, yerli medianın işini müşahidə edirəm. İstər televiziya kanallarında çalışan əməkdaşların, istər radioda hər saat başı xəbər oxuyan diktorlarımızın, istərsə də internet üzərindən yayımlanan xəbər saytlarının Azərbaycan xalqına informasiya çatdırılmasında böyük və fədəkar əməyi hiss olunur.

Bütün bunlar çox təqdirəlayiq haldır. Qürur hissi duyuram ki, Azərbaycanda yeni Çingiz Mustafayevlər, Alı Mustafayevlər, Salatın Əsgərovalar yetişir.  Son günlər yerli televiziya kanallarımızın əməkdaşları cəbhədə böyük risklərlə qarşılaşır. Fikrimcə kütləvi informasiya vasitələrinin rəhbərləri və  medianın işini tənzimləyən qurumlar nəzərə almalıdırlar ki,  ön cəbhəyə ezam olunmadan öncə reportyorlar, müxbirlər, operatorlar, sürücülər və digər əməkdaşlar üçün  müəyyən təlimlər keçirilməlidir, onların atəş bölgəsində özlərini necə aparması ilə bağlı qısamüddətli  treninqlər təşkil edilməlidir. Cəbhədə işləyən heyyət  dəbilqə, zirehli jilet və sairə qoruyucu xüsusi geyimlərlə təmin edilməlidir. Çünki, hər hansı bir ehtimala ümid etmək olmaz. Artıq bir neçə halda şahidi olmuşuq ki, düşmən tərəf cəbhədə baş verən hadisələri ört basdır etmək üçün məhs kütləvi informasiya vasitələrinin nümayəndələrini tuşlayır.

Müşahidələrimə əsaslanaraq deyə bilərəm ki, bir sıra özəl kanala baxarkən cəbhədən xəbər verən canlı video bağlantılarda  reportyorların başlarında qoruyucu dəbilqə gördüm, yaxşı olar ki, cəbhədən xəbər verən Azərbaycan televiziyasının əməkdaşları da bu təcrübədən yararlansın. Əziz jurnalist bacı və qardaşlarım bu gün biz həm ordumuz, həm də dünyaya Azərbaycan həqiqətlərini çatdıran sizlərlə fəxr edirik, amma istənilən halda diqqətli olun, ehtiyatı əldən verməyin çünki, torpaqlarımız düşmən taptağından azad ediləndən sonra da Azərbaycan tamaşaçısının sizin reportajlarınıza ehtiyacı olacaq. Sonda jurnalistlərimizə bu peşəkar və şərəfli işlərində bir neçə tövhə vermək istərdim:

1. Cəbhə bölgəsindən xəbər yayarkən paltarlarınızın hərbi üslubda olmadığına əmin olun, kamuflyaj geyinməyin.

2. Kamera obyektivləri, eynəklər, kəmərlər, laklı dəri məhsulları, qol saatları günəş işığında parlaya bilər, onların  istifadəsindən çəkinin.

3. Foto aparatın kamera işığı döyüş zamanı açılan atəşlə səhv edilə bilər, ştativ üzərindəki video kameraların silahla səhv edilə biləcəyini də unutmayın.

4. Videokameradan gələn işıq, xüsusən də gecələr, uzun məsafədən diqqəti cəlb edə bilər, ehtiyyatlı olun.

5. Siqaret kötükləri uzun məsafədən görünür və düşmənin diqqətini cəlb edə bilər.

Rashad Nasirov

.