Çexiyanın xarici işlər naziri Yan Lipavski son beş ayda 46-55 yaş arası üç çex diplomatının qəflətən vəfat etməsindən sonra XİN-in əməkdaşlarına məktub göndərərək, onları peşəkar və şəxsi həyatları arasında daha yaxşı tarazlıq tapmağa çağırıb.
Məktubda Lipavski Xarici İşlər Nazirliyinin işçilərindən fiziki və ruhi sağlamlıqlarına diqqət yetirməyin vacib olduğunu xahiş edir.
Nazir sağlamlığın vacibliyini vurğulayaraq diplomatları iş və ailə həyatı arasında tarazlığın tapılmasının məqsədəuyğun olacağını əlavə edib.
"Təbii səbəblərdən dünyasını dəyişən üç diplomatın ölümü onu göstərir ki, diplomatın vəzifəsi son dərəcə çətin şəraitdə və çox vaxt ailədən təcrid olunmuş vəziyyətdə işləməyi nəzərdə tutur", - Lipavski bildirib.
"Həmkarlarımız bu xidməti hətta müharibə bölgələrində belə məhdud hərəkətlilik şəraitində ciddi təhlükəsizlik tədbirləri altında həyata keçirirlər. Diplomatlar təkcə peşəkar və şəxsi həyatlarında böyük təzyiqlərə deyil, həm də çox vaxt çətin iqlim şəraitinə məruz qalırlar", - o vurğulayıb.
Lipavski deyib ki, nazirlik diplomatlara iş təzyiqinin öhdəsindən gəlməyə kömək etmək üçün dəyişikliklər etməyə hazırdır. Müzakirə olunan tədbirlərə diplomatlar və onların ailələri üçün psixoloji xidmətlərin artırılması da daxildir.
Xatırladaq ki, keçən ay Çexiyanın İsraildəki səfirinin müavini Monika Studena 50 yaşında qəflətən vəfat edib. Fevralda Çexiyanın Polşadakı səfiri və Çexiyanın Aİ-dəki keçmiş daimi nümayəndəsi Yakub Dürr 46 yaşında vəfat edib. Noyabrda isə Çexiyanın İsveçrə və Lixtenşteyndəki səfiri Katerina Fialkova 55 yaşında qəflətən vəfat edib.
.
