UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində keçirilən “Çelsi” (İngiltərə) – “Real Madrid” (İspaniya) və “Napoli” (İtaliya) – “Milan” (İtaliya) oyunlarının ardından ilk yarımfinalçılar bəlli olub.

Yenizaman-ın Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasına (IFFHS) istinadən məlumatına görə, “Real Madrid”in 2:0 hesablı qələbə qazanaraq, “Milan”ın isə heç-heçə (1:1) edərək yarımfinala adladığı matçlarda bir sıra rekord qırılıb, seriya dayanıb, həmçinin, antirekord qeydə alınıb.

- “Real Madrid” ÇL tarixində “Çelsi”ni “Stemford Bric”də iki dəfə məğlub edən ilk komanda olub. “Kral klubu” 2022-ci il aprelin 6-dakı görüşdə də 3:1 hesablı qalibiyyətə sevinib.

- İspaniya təmsilçisi qitənin ən nüfuzlu klub turnirinin pley-oflarında ardıcıl 6-cı qələbəsini qazanaraq, öz göstəricisini yaxşılaşdırıb. Üstəlik, bunun hamısı ingilislərlə matçlarda olub. Mütləq rekordçu isə İspaniyanın digər komandası “Barselona”dır. Kataloniyalılar 2014-2016-cı illərdə pley-oflarda ardıcıl 7 qələbə qazanıblar.

- “Real Madrid” 16-cı dəfə Çempionlar Liqasının yarımfinalına yüksələrək, özünə məxsus olan rekordu yeniləyib. Sonrakı yerləri hərəyə 12 yarımfinalla “Bavariya” (Almaniya) və “Barselona” (İspanya) tuturlar. Madridlilər son 13 mövsümdə 11 dəfə yarımfinalda iştirak hüququ əldə ediblər.

- “Çelsi” XXI əsrdə ilk dəfə bütün yarışlarda ardıcıl 4 məğlubiyyət alıb. “Zadəganlar”ın sonuncu belə uğursuz göstəricisi 30 il əvvələ - 1993-cü ilə təsadüf edib.

- “Çelsi” cari mövsüm bütün turnirlər daxil olmaqla ümumilikdə 18 matçda qol vura bilməyib. Axırıncı dəfə 1980/1981 mövsümündə londonlular belə durumla üzləşiblər. Həmin vaxt komanda 21 qarşılaşmada rəqib qapılarına yol tapa bilməyib.

- Dünənki görüşdə dubl edən “Real Madrid”in futbolçusu Rodriqo ÇL-də “Stemford Bric”də qol vuran ən gənc qonaq (22 yaş 99 gün) oyunçusudur.

- Onun komanda yoldaşı Vinisyus Junior ötən mövsümün əvvəlindən bəri turnirdə həm qol (10), həm də məhsuldar ötürmə (11) sayında 10-a çatan yeganə oyunçudur.

- “Real Madrid”in yarımmüdafiəçisi Toni Kroos avrokuboklarda 150-ci matçını keçirib.

- “Milan” 2006/2007 mövsümündən bəri ilk, ümumilikdə isə 7-ci dəfə Çempionlar Liqasının yarımfinalına yüksəlib. Bu baxımdan “rossyonerlər” İtaliya təmsilçiləri arasında “Yuventus”la birlikdə liderdir.

- Stefano Piolinin yetirmələrinin turnirdə ardıcıl 5 “quru” oyun seriyasına son qoyulub. Komanda son dəqiqələrdə qol buraxaraq, uğurlu seriyanı davam etdirə bilməyib. “Milan”ın buna qədər ÇL-də buraxdığı son qol 11 oktyabr 2022-ci il tarixinə təsadüf edib. Həmin vaxt “Çelsi”nin hücumçusu Pyerr-Emerik Obameyanq fərqlənib.

- “Milan”ın forvardı Olivye Jiru Çempionlar Liqasında qol vuran ən yaşlı ikinci fransalıdır. O, 36 yaş 200 günlüyündə bunu bacarıb. Bu göstəricidə rekordçu olan Loran Blan 2002-ci ildə 36 yaş 338 günündə fərqlənib.

- “Napoli” – “Milan” qarşılaşması yarımfinalda hər iki komandanın penaltini qola çevirə bilmədiyi ikinci oyun kimi tarixə düşüb. Birincilərdən Xviça Kvaratsxeliya, qonaqlardan isə Olivye Jiru şansı əldən verib. İlk dəfə belə bir hadisə 2016-cı ildə “Bavariya” – “Atletiko” matçında yaşanıb. Həmin vaxt almanlardan Tomas Müller, ispanlardan isə Fernando Torres penalti zərbəsini dəqiq yerinə yetirə bilməyiblər.

- “Napoli”nin qapıçısı Aleks Meret 2005-ci ilin finalından bəri bu turnirdə “Milan”ın penalti zərbəsini dəf edən ilk qolkiperdir. Sonuncu dəfə 18 il əvvəl “Liverpul”un çərçivə qoruyucusu İrji Dudek “rossonyerlər”in əfsanəvi futbolçusu Andrey Şevçenkonun fərqlənməsinə imkan verməyib.

.