Bu gün Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunları keçirilib.

Azərbaycan çempionu “Qarabağ” mövsümdə ikinci matçına çıxıb.

Qurban Qurbanovun yetirmələri Polşa çempionu “Lex”i qəbul edib. Ötən həftə Poznanda rəqibinə 0:1 hesabı ilə məğlub olan ağdamlılar Tofiq Bəhramov adına Respublika Stadionunda bunun revanşını artıqlaması ilə çıxıb.

Düzdür, görüşə qonaqlar qolla başlayıb. Buna baxmayaraq, erkən toparlanan “Qarabağ” birinci hissədə ümumi hesabı bərabərləşdirib, fasilədən sonra isə daha 3 dəfə fərqlənərək, böyükhesablı qələbə qazanıb. Bununla Azərbaycan çempionu darmadağınla növbəti mərhələyə adlayıb.

Ağdam klubu II təsnifat mərhələsində İsveçrə klubu “Sürix”lə qarşılaşacaq. “Lex” isə mübarizəni Konfrans Liqasında davam etdirəcək.

Çempionlar Liqası
I təsnifat mərhələsi, cavab oyunu
12 iyul
“Qarabağ” (Azərbaycan) – “Lex” (Polşa) - 5:1
Qollar:
Kadi Borqes, 14, 74, Filip Ozobiç, 42, Kevin Medina, 56, Abbas Hüseynov, 77 - Kristoffer Velde, 1

“Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsində “Sürix”lə qarşılaşacaq

Çempionlar Liqasının I təsnifat mərhələsində Polşa çempionu “Lex”i üstələyən “Qarabağ” növbəti raundda “Sürix”lə qarşılaşacaq.

Poznandakı məğlubiyyətin (0:1) əvəzini Bakıda 5:1 hesablı qələbə ilə çıxan Azərbaycan çempionu ilk mərhələdən azad olan İsveçrə təmsilçisinə rəqib olub.

“Sürix”lə ilk oyun Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. Bu, iyulun 19 və ya 20-nə təsadüf edəcək. İyulun 27-dəki matç isə saat 22:00-da Sürixdəki “Letsiqrund” stadionunda keçiriləcək.

Qeyd edək ki, bu cütün məğlubu mübarizəni Avropa Liqasının III təsnifat mərhələsində davam etdirəcək.
 

.