Moskvanın və Ankaranın fikirləri bəzi məsələlərdə üst-üstə düşməyə bilər, buna baxmayaraq Türkiyə bölgənin ən əhəmiyyətli oyunçularından biri olan Rusiya ilə dialoqu açıq saxlamalı və qarşılıqlı münasibətlərə davam etdirilməlidir.

Bu barədə Türkiyənin Xarici İşlər naziri Mevlut Çavuşoğlu “Frankfurter Allgemeine Zeitung” qəzetinə müsahibəsində bildirib.

“Biz Rusiya ilə işgüzar münasibətlər qurmağa çalışırıq. Bəzi regional məsələlərdə Rusiya əsas oyunçudur. Eyni zamanda müsbət nəticələr əldə etmək həmişə asan olmur, amma mümkündür. Bu o demək deyil ki, bütün mövzularda eyni fikirdəyik. Ancaq açıq danışmaq iqtidarındayıq. Dialoq kanallarını açıq saxlamaq vacibdir”, - deyə qurum rəhbəri bildirib.

“Rusiya bunu başa düşür. Mümkün olduğu təqdirdə Rusiya ilə əməkdaşlıq edirik, amma lazım olduqda sarsılmaz qalırıq”, - deyə nazir vurğulayıb.

O, Rusiya ilə dialoqun regional və beynəlxalq sabitliyə töhfə verməli olduğunu qeyd edib.

“Suriya buna bir nümunədir. Aydındır ki, fikirlərimiz bir-birindən fərqlənir, buna baxmayaraq birlikdə işləmə yollarını tapdıq. Nəticələrdən biri isə - Konstitusiya komitəsi - BMT-nin 2254 saylı qətnaməsinin yeganə işləmə mexanizmidir”, - deyə o, əlavə edib.

.