Rusiya və Ukrayna tərəfləri arasında yaxınlaşmalar olsa da, bəzi mövzular var ki, onlara liderlər səviyyəsində baxıb qərar verilməlidir.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, bunlardan biri də Krım məsələsidir: “Ukraynada hətta referendum keçiriləcək. Rusiyada referendumun keçirilib-keçirilməyəcəyini bilmirik. Ukrayna və Rusiya arasında razılaşmanın xalqlar üçün də məqbul bir razılaşma olması vacibdir”.

Nazir qeyd edib ki, Türkiyə Rusiya və Ukrayna liderlərinin görüşünə ev sahibliyi etmək niyyətindədir.

Çavuşoğlu diqqətə çatdırıb ki, Ukrayna və Rusiya arasında atəşkəs əldə edilməlidir: “Xüsusilə çətin məsələləri bu gün həll edə bilmirsinizsə, atəşkəs dövründə bunu həll edə bilərsiniz. Ona görə Qərb ölkələrinə də dedik ki, atəşkəs olacağı təqdirdə, rus əsgərlərinin çəkilməsi və sanksiyaların yumşaldılması məsələsi masada olmalıdır. Avropalı müttəfiqlərimizə bu mövzularda hazırlıqlı olmaları ilə bağlı tövsiyələr veririk. Hansı sanksiyalarda yumşalmaya gedilə bilərsə, bu, indidən düşünülməlidir. Krım və Donbas məsələsinə iki ölkənin liderləri qərar verməlidir”.

.