Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu fransalı həmkarı Ketrin Kolonna ilə görüşüb.

Hər iki diplomat mətbuata bəyanatla çıxış edib.

Türkiyə ilə Fransanın siyasi, iqtisadi və mədəni sahələrdə tarixi əlaqələri olan iki ölkə olduğunu qeyd edən Çavuşoğlu fransalı həmkarı ilə görüşdə regional və qlobal çağırışlara qarşı əməkdaşlığı davam etdirmək barədə razılığa gəldiklərini bildirib.

Tərəflər Ukraynada baş verən hadisələri müzakirə etdiklərini bildirib.

“Aydındır ki, Fransa ilə hər mövzuda həmfikir deyilik. Ola bilər ki, hər mövzuda anlaşmayaq, amma bu, dialoqumuza və birgə işləməmizə mane olmur”, - deyə Çavuşoğlu bildirib.

Fransanın xarici işlər naziri Ketrin Kolonna isə çıxışında nazir Çavuşoğlu ilə vəzifəyə gəldiyi gündən Ukrayna böhranı və müxtəlif mövzularda intensiv danışıqlar və dialoq apardıqlarını qeyd edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Fransa prezidenti Emmanuel Makronun iyul ayındakı görüşündə əldə olunan razılıqların bundan sonra da dərinləşdirilməsinin vacibliyini qeyd edib.

.