
Məşhur müğənni, kanadalı Castin Biber həbs oluna bilər. Argentinada məhkəmə onun saxlanılmasına və istintaq təcridxanasına salınmasına dair qərar verib.
Milli.Az TMZ-yə istinadən bildirir ki, C. Biber 2013-cü ildə Argentinanın paytaxtı Buenos-Ayresdəki gecə klublarından birinin qarşısında fotoqraf Dieqo Pesoanı döyməsi ilə bağlı istintaqa çağırışlara məhəl qoymadığı üçün belə qərar verilib.
Bundan başqa, məhkəmə 21 yaşlı Biberin cangüdənlərindən birinin tutulmasına qərar verib. Həmin şəxs C.Biberin fotolarını çəkməyə çalışmış fotoqrafa hücumda suçlanır.
Castin Biberlə cangüdəni Argentinaya ayaq basan kimi həbs olunacaqlar.
Argentina məhkəməsində C.Biberə qarşı irəli sürülmüş ittihamlar təsdiqlənərsə, müğənnini 1 ilədək həbs gözləyir.
Müğənni 2014-cü ilin noyabrında Argentinada istintaqa çağırılmışdı və elə o vaxt da İnterpoldan Biberin yerinin müəyyənləşdirilməsi istənilmişdi.
Fəqət iki aylıq müddət ərzində Biber istintaqa getməyib.
Castin Biber hazırda "Coachella" festivalında əylənir. O, Kaliforniyada Kendal Cennerlə birlikdə çəkdirdiyi fotoları sosial şəbəkələrdə paylaşıb.
.