Qax rayonu Qaratala kənd sakini Həmzət Abbasova məxsus iribuynuzlu heyvanlara canavar sürüsü hücum edib. 1 inəyi parçalanan, iki heyvanı yaralanan kənd sakini özlərini və heyvanlarını qorumaq üçün kəndlilərə silah verilməsi məsələsini gündəmə gətirib.

Oxşar problemlə bağlı Qəbələ rayon Vəndam qəsəbə sakini və İsmayıllı rayon Sumağallı, İstisu sakinləri dəPublika.az-a müraciət edib.

Sakinlərin sözlərinə görə, heyvanların hücumu təsərrüfatlara ciddi ziyan vurur. İllərdir əziyyət çəkib, saxladıqları heyvanlar bir anda yırtıcılar tərəfindən məhv edilir. Nəticədə sakinlər həm əziyyətlərindən, həm də qazanclarından olurlar. Onlara dəyən ziyanı isə ödəyəcək qurum yoxdur. Üstəlik, sakinlərin öz həyatları da təhlükə altındadır. Elə vəziyyət yaranıb ki, yırtıcılar evlərin yaxınlığına qədər gəlirlər. İnsanlar hava qaralandan sonra həyətə çıxmağa belə qorxurlar.

Belə olan halda, sakinlər ilin müəyyən dövrlərində onlara silah verilməsinin ən doğru qərar ola biləcəyini düşünürlər. Çünki hazırkı durumda ov tüfənginin qiyməti ən azı min manatdan başlayır. Kəndliyə isə bu qiymətə tüfəng almaq heç sərfəli deyil. Bəs kəndlilərə tüfəng verilə bilərmi? yaxud heyvanların hücumundan kəndlini kim qorumalı?

Qeyd edək ki, Sovet dövründə kəndlilərə müvəqqəti silah paylanması təcrübəsi var. Həmin silahlar kənddə müəyyən şəxslərə təhkim edilirdi. Heyvanlar hücum edərkən həmin sakinlər yerindəcə zərərsizləşdirir. Hətta hər hansı heyvanların sayı artdıqda təbiətdə balans yaratmaq üçün silah verilmiş kəndlilərin köməyindən də istifadə edilirdi.

Bu mənada Qarata kənd sakinlərinin silahla təminat barədə təklifini aktual hesab etmək olar.

Qax rayon Qaratala kənd icra nümayəndəsi İsmayıl Qasımov Publika.az açıqlamasında il ərzində kənd sakinlərinin belə hallarla qarşılaşdığını dedi: "Təsərrüfatlarına hücum olan sakinlər bizə müraciət edir. Biz də icra hakimiyyətinə, baytarlıq idarəsi, ekologiya şöbələri və bələdiyyələrə məlumat veririk. Kəndə ən çox çaqqallar hücum edir, canavarların hücumu az hallarda olur. Əsasən belə hal meşəyə yaxın ərazilərdə daha çox olur. Bu günlərdə təsərrüfatına hücum edilən Həmzət Abbasov meşədən bir az kənardadır”.

Qax Rayon İcra Hakimiyyəti Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Nizami Əhmədov bildirib ki, kəndlilərə silah verilməsi real deyil: "Təsərrüfatı qorumaq üçün silah əldə etmək istəyənlər Ovçular Cəmiyyətinə üzv olmalıdır. Son vaxtlarda kəndlərdən belə xəbərlər eşidirik, lakin kütləvi deyil. Buna baxmayaraq vəhşi heyvanların hücumu kəndlilərin təsərrüfatına ziyan dəydiyini anlayırıq. Bunun qarşısını almaq üçün tədbirlər görülməlidir. Lakin tədbir görmək bizim işimiz deyil”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən hesab edirlər ki, heyvanların kəndlərə hücumuna səbəb əslində sakinlərin heyvanların yaşayış sahələrində məskunlaşmasıdır. Əhalinin silahlanmasına gəldikdə, nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyev bildirir ki, onlar silah təqdim edən qurum deyil: "İstəyən vətəndaş silah ala, Daxili İşlər Nazirliyindən qeydiyyatdan keçirə, bizim nazirliyə müraciət edib ovçuluq bileti alandan sonra ov edə bilər. Bu silahla özünü və təsərrüfatını da vəhşi heyvanlardan qoruya bilər. Lakin heyvanları vurmaq, təqib etmək qanun pozuntusu hesab edilir”.

R.Mirzəyevin sözlərinə görə, nazirliyin yerli şöbələrə icra hakimiyyəti, vətəndaş və ya bələdiyyədən insanların təsərrüfatına ziyan vurulması ilə bağlı müraciət olarsa, ərazidə monitorinq aparıla biləcəyi ilə bağlı tapşırıqlar verilib: "Baytarlıq idarəsi, yerli icra nümayəndəsi, həvəskar ovçular, eləcə də bizim əməkdaşlarımızla birlikdə həmin təsərrüfat ərazisində reyd keçirirlər. Bu vaxta qədər bir çox rayondan belə müraciətlər olub, lakin reydlərin heç birində təkrar heyvan hücumu qeydə almamışıq.Əlbəttə, bunu da təbii hal hesab edirik. Heyvan təkrar eyni əraziyə hücum etməyə bilər. Lakin bir məqamı da deməliyəm ki, son vaxtlar kəndlərdən bizim yerli qurumlara yox, daha çox mətbuata hücum edirlər. Ona görə də bu halları əsasən mətbuatdan oxuyuruq”.

ETSN-yi rəsmisi onu da vurğuladı ki, insanlar özünü müdafiə məqsədilə təsərrüfatına hücum edən canavarı öldürdükləri halda məsuliyyət daşımırlar: "Heyvanların təsərrüfatdan kənarda vurulması isə qanun pozuntusudur. Bu zaman mövcud qanunvericiliyə uyğun cərimə edilir. Ova icazə bileti əsasında sakinlər il ərzində çaqqal ovlaya bilər. Canavarla bağlı isə belə qərar yoxdur. Çünki çaqqalların sayı çoxdur, lakin canavarların sayı azdır”.

Belə məlum oldu ki, təsərrüfatını və özünü qorumaq istəyən kənd sakinlərinin azı min manatdan keçib silah almaqdan başqa yolu yoxdur.

.