Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Beynəlxalq Bankı idarə heyətinin keçmiş sədri Cahangir Hacıyev və daha 7 nəfərə hökmün oxunması başlanıb. 

Yenizaman.az xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrlik etdiyi kollegiya 4 günlük müşavirədən sonra Cahangir Hacıyevə və digərlərinə qarşı hökmü elan edəcək. 

Prokuror Cahangir Hacıyevin 17 il, Yusif Ələkbərovun 11 il, Anar Sultanovun 8 il, İlqar Abdullayevin 8 il, İbrahim Hüseynovun 11 il, Kənan Orucovun 8 il, Məmməd Cahangirovun 8 il, Azad Cavadovunun 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 
 
Azərbaycan Beynəlxalq Bankının idarə heyətinin keçmiş sədri Cahangir Hacıyev, Mərkəzi filialın direktorları işləmiş Yusif Ələkbərov və Anar Sultanov, Mərkəzi filialın müdiri işləmiş İlqar Abdullayev, bankın inzibati binalarının mühafizəsini həyata keçirən "İnter Security” MMC-nin baş direktoru İbrahim Hüseynov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda "AFB Bank” ASC-nin Müşahidə Şurasının sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham edilirlər.
.