2024-cü ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 172 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 117 ölkəyə məhsul ixrac olunub, 161 ölkədən idxal olunub.

Yenizaman Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin yanvar-avqust aylarında ölkənin xarici ticarət dövriyyəsi 30212,3 milyon ABŞ dolları təşkil edib.

Ticarət dövriyyəsinin 17448,4 milyon dollarını və ya 57,8 faizini ölkədən ixrac olunmuş məhsulların, 12763,9 milyon dollarını (42,2 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 4684,5 milyon dollar məbləğində müsbət saldo yaranıb. 2023-cü ilin yanvar-avqust ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 2,3 faiz, real ifadədə 5,2 faiz, o cümlədən idxal 2,2 faiz, ixrac isə 7,0 faiz azalıb. 2024-cü ilin yanvar-avqust aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 1,4 faiz, real ifadədə 12,0 faiz azalaraq 2179,9 milyon dollar təşkil edib.

Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən, ölkənin xarici ticarət dövriyyəsinin 22,5 faizi İtaliya, 13,5 faizi Türkiyə, 9,5 faizi Rusiya, 7,4 faizi Çin, 4,5 faizi İsrail, 3,2 faizi Almaniya, 2,9 faizi Avstraliya, 2,6 faizi Hindistan, hər biri 2,5 faiz olmaqla Çexiya və ABŞ, 2,0 faizi Xorvatiya, 1,9 faizi Birləşmiş Krallıq, hər biri 1,4 faiz olmaqla Yunanıstan və Portuqaliya, hər biri 1,3 faiz olmaqla Bolqarıstan, Gürcüstan və İran, hər biri 1,0 faiz olmaqla Rumıniya, Ukrayna, Belarus, İsveçrə və Türkmənistan, hər biri 0,9 faiz olmaqla Tailand və Koreya, 11,5 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.

İxracın 36,3 faizini İtaliyaya, 14,6 faizini Türkiyəyə, 7,6 faizini İsrailə, 4,2 faizini Rusiyaya, 4,1 faizini Çexiyaya, 3,6 faizini Hindistana, 3,4 faizini Xorvatiyaya, hər biri 2,4 faiz olmaqla Almaniya və Portuqaliyaya, hər biri 2,2 faiz olmaqla Yunanıstan və Birləşmiş Krallığa, 2,1 faizini Bolqarıstana, 1,9 faizini Gürcüstana, 1,6 faizini Rumıniyaya, 1,3 faizini Tailanda, 0,9 faizini Tunisə, 0,8 faizini İndoneziyaya, hər biri 0,7 faiz olmaqla Niderland və Ukraynaya, hər biri 0,6 faiz olmaqla İspaniya, ABŞ, Serbiya və İsveçrəyə, 4,6 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (34,5 faiz), Türkiyəyə (18,1 faiz), Gürcüstana (7,2 faiz), ABŞ-a (5,0 faiz), İsveçrəyə (4,6 faiz), Ukraynaya (3,3 faiz), Qazaxıstana (3,1 faiz), Omana (3,0 faiz), Türkmənistana (2,9 faiz), Almaniyaya (1,6 faiz), Birləşmiş Ərəb Əmirliklərinə (1,5 faiz), Belarusa (1,3 faiz), Niderlanda (1,2 faiz), Qırğızıstana (1,1 faiz), Özbəkistana (1,0 faiz), İtaliyaya (1,0 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir. Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,8 faizi Çin, 17,1 faizi Rusiya, 11,8 faizi Türkiyə, 7,1 faizi Avstraliya, 5,1 faizi ABŞ, 4,2 faizi Almaniya, 3,1 faizi İran, 2,7 faizi İtaliya, hər biri 2,1 faiz olmaqla Belarus və Koreya, 1,9 faizi Yaponiya, 1,8 faizi Türkmənistan, 1,6 faizi İsveçrə, 1,5 faizi Ukrayna, 1,4 faizi Birləşmiş Krallıq, 1,3 faizi Kanada, 1,2 faizi Fransa, hər biri 1,1 faiz olmaqla Hindistan və Braziliya, 0,9 faizi Özbəkistan, hər biri 0,8 faiz olmaqla Qazaxıstan və Polşa, 11,5 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

2024-cü ilin yanvar-avqust aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən şəkər ixracı 46,2 faiz, tütün – 3,6 dəfə, bitki yağları – 2,8 dəfə, meyvə və tərəvəz konservləri – 14,9 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 2,1 dəfə, çay – 10,3 faiz, pambıq lifi – 2,0 dəfə, mineral gübrələr – 2,2 dəfə, bentonit gili – 14,3 faiz artıb, təzə meyvə ixracı isə 0,1 faiz, kartof – 32,0 faiz, meyvə və tərəvəz şirələri – 3,1 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 34,1 faiz, polipropilen – 25,6 faiz, polietilen – 21,9 faiz, elektrik enerjisi – 64,2 faiz, emal olunmamış alüminium – 18,5 faiz, sement klinkerləri – 6,0 faiz, qara metallardan çubuqlar – 7,7 faiz, pambıq ipliyi – 2,5 faiz, qara metallardan borular – 26,4 faiz azalıb.

2023-cü ilin yanvar-avqust ayları ilə müqayisədə 2024-cü ilin yanvar-avqust aylarında xam şəkər idxalı – 5,4 faiz, təzə meyvə – 31,2 faiz, bitki yağları – 33,6 faiz, kərə yağı, digər süd yağları və pastaları – 77,1 faiz, unlu qənnadı məmulatları – 12,7 faiz, şokolad və şokolad məhsulları – 13,2 faiz, çay – 12,4 faiz, quş əti və onun əlavə məhsulları – 27,7 faiz, mal əti – 76,8 faiz, təzə tərəvəz – 67,9 faiz, qara metallardan borular – 3,1 faiz, hesablama maşınları, blok və qurğuları – 18,3 faiz, yük avtomobilləri – 21,9 faiz, sintetik yuyucu vasitələr – 4,1 faiz, mebellər – 45,0 faiz, məişət kondisionerləri – 45,9 faiz, qara metallardan çubuqlar – 47,8 faiz, mineral gübrələr – 40,6 faiz, polipropilen – 22,4 faiz, qara metallardan künclüklər – 2,6 faiz, avtobuslar – 2,0 dəfə, sement – 6,5 faiz artıb, buğda idxalı isə 13,2 faiz, kartof – 5,4 faiz, siqaretlər – 70,0 faiz, minik avtomobilləri – 13,0 faiz, dərman vasitələri – 28,6 faiz, polad prokatı – 11,1 faiz, rezin şinlər – 12,2 faiz, polietilen – 9,1 faiz, paltaryuyan maşınlar – 0,8 faiz, məişət soyuducuları – 9,2 faiz azalıb.

.