Yasamal rayonu , "Bizim Market" mağazalar şəbəkəsinin İnşaatçılar metrosu yaxınlığında yerləşən mağazasından şikayət var. Belə ki, oranın daimi müştərisi olan əməkdaşımız 10 gün əvvəl marketdən saç boyası alıb. Lakin qutudan boya çıxmayıb. İçində ancaq balzam, boyaya qatılacaq su və flakonun başlığı olub.

Əməkdaşımız marketə gedərək bu haqda səlahiyyətli şəxsə məlumat verib və malın dəyişdirilməsini istəyib. Marketdəki səlahiyyətli şəxs ona "Başqa yerdən almısız və burda bizə ödətmək istəyirsiz. Çek olmasa, qaytara bilmərik. Heç vaxt marketimizdə belə şey olmayıb. Bizdə belə mal yoxdur. Nə alırsınızsa sökün içinə baxın, sonra alın. Biz cavabdeh deyilik. Mənim vaxtım yoxdur ki, hər gələn müştəriyə bu qədər vaxtımı sərf edim.”-deyib.

Əməkdaşımız bu cavaba da etiraz edir: "Deməli, belə çıxır ki, hər gün bazarlıq etdiyimiz market bizə boş qutu satacaq? Bundan sonra marketdə alış- veriş edərkən, aldığımız malların paketini sökməliyik, ya flakonu açıb içinə baxmalıyıq?

Özlərinin fırıldağını müştərinin üzərinə yıxırlar. Bununla neçə dəfədir ki, belə hadisə olur. Keçən il marketdən aldığım pendirdən milçək çıxmışdı. Kassada pulunu ödəyəndə gördük. O gündən pendirdən diksindim. Bütün bunlar məhsullların saxlanması qaydalarına ciddi riayət olunmadığını göstərir”.

Bizimyol.info
.