2021-ci ilin yanvar-mart aylarında avtomobil yollarında baş vermiş yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb.

Dövlət Statistika Komitəsinin məlumatında bildirilir ki, 2021-ci ilin yanvar-mart aylarında 376 (və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,7 faiz az) yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 11,4 faiz azalaraq 495 nəfər olub.

Onlardan 125-i ölüb, 370-i isə yaralanıb. Hadisələrin 42,8 faizi gündüz, 35,6 faizi gecə, 21,6 faizi isə toran vaxtı baş verib, 29,5 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Yol-nəqliyyat hadisələrinin 87,5 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində ölənlərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 33,1 faiz azalaraq 89 nəfər, yaralananların sayı 3,4 faiz azalaraq 338 nəfər olub.

Bütün yol-nəqliyyat hadisələrinin 37,8 faizi nəqliyyat vasitələrinin və piyadaların, 38,3 faizi bir neçə nəqliyyat vasitəsinin, 23,9 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.

Yol-nəqliyyat hadisələri nəticəsində ölənərin 84,0 faizini, yaralananların isə 72,7 faizini kişilər təşkil edib.

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 8 hadisə baş verib, nəticədə 2 nəfər ölüb, 9 nəfər yaralanıb. Hadisələrin 75,0 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.

.