
Yenizaman.az CTV-yə istinadən bildirir ki, bu il dadı və ətri ilə məşhur olan yerli limonu tapmaq deyəsən çətin olacaq. Səbəb Lənkəran və Astara rayonlarının sitrus sahələrində yaşanan quraqlıq məhsuldarlığa ciddi təsir göstərib. Bunun üçün fermerlər bu il məhsulun 5-6 dəfə az olacağını proqnozlaşıdırblar.
Astarada elə bir həyət tapılmaz ki, orada limon ağacına rast gəlinməsin. Bir çox ailələr üçün isə bu əsas gəlir mənbəyidir. Lakin təsərrüfatçılar bu il min bir əziyyətlə yetişdirdikləri limonun məhsuldarlığının aşağı olduğundan gileylənirlər. Səbəb kimi havaların quraq keçməsi göstərilir.
Fermer Füzuli Balayev: "Hər növ qulluq etmişik, amma quraqlıq səbəbindən məhsuldarlıq azdır. Ötən il 150-200 ədəd limon götürdüyümüz ağacdan bu il 40-50 ədəd limon dərilir.”
Fermer Teyyub Qəhrəmanov: "Mən "meyera” sortun yetişdirirəm. Hər il mən 8-12 min ədəd limon yığardım. Mövsümün əvvəlində yaxşı çiçək açmışdı. Amma sonra may-iyun aylarında quraqlıq başlayan kimi güllərin tökdü.”
Bəzi təsərrüfatlarda isə qısa müddətli yağışların yaratdığı rütubət nəticəsində xəstəliklər yaranıb. Bu da meyvələrin zədələnməsinə səbəb olub. Nəticədə ötən il bağından 10-15 min limon dərən fermerlər bu il 5-6 dəfə az məhsul götürəcəklər. Bağlarda az məhsul olduğundan təsərrüfat sahibləri onu yalnız daxili bazarda satmaq niyyətindədirlər. Hazırki qiymət isə onları qane edir.
Fermer Teyyub Qəhrəmanov: "Ötən il 8 qəpiyə satırdım. Bu il 25 qəpikdən alırlar. Məhsulun azlığına görə qiymət də aşağı düşməyəcək.”
Hazırda bazarlarda az-az satılan yaşıl limonun oktyabrın sonlarında kütləvi satışına başlanılacaq.
.