Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin ötən dövründə keçən ilin müvafiq dövrünə nisbətən 2,2 dəfə çox olmaqla 10 mindən çox şəxsə əlillik təyin olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən xəbərə görə, ümumilikdə son 3 ildə 155 minədək şəxsə əlillik və sosial ödənişlərin təyinatı aparılıb.

Əlilliyin qiymətləndirilməsi tibb müəssisələri tərəfindən “Əlillik” altsisteminə daxil edilən göndərişlər əsasında, ekspert-vətəndaş təması olmadan, göndərişlərdəki diaqnozlar əsasında həyata keçirilir. Diaqnoz məlumatları şəxsin əlillik vəziyyətində olduğunu müəyyən etməyə əsas yaratdığı halda əlillik təyinatı həyata keçirilir.

Qanunvericiliyə əsasən əlillik müddətli və müddətsiz müəyyən edilir. Amputasiya və ya sağalmaz xəstəlik kimi geridönməz hallar olduqda, əlillik ömürlük, digər hallarda isə 5 illik müddətə təyin olunur. Beş illik müddət bitdikdə əlillik təkrar qiymətləndirilməlidir. Bunun üçün dövlət tibb müəssisələri tərəfindən e-sistemə göndəriş daxil edilməlidir. Göndəriş olmadığı təqdirdə əlillik müddətinin uzadılması, nəticədə əlilliyə görə sosial ödənişin davam etdirilməsi də mümkün olmur.

Məlumat üçün bildirək ki, 2020-2022-ci illər üzrə əlillik müddəti bitən şəxslərin əlilliyinin uzadılması üçün tibb müəssisələri tərəfindən e-sistemə daxil edilən göndərişlər (Forma 88) üzrə 57 min şəxsə əlillik təyin edilib.

Bir sıra hallarda e-sistemə daxil edilən göndərişlərin natamam tərtibi, şəxsin əlillik vəziyyətini müəyyən etməyə əsas yaradan zəruri qeydlərin göndərişdə olmaması şəxsin əlilliyi ilə bağlı qərar verilməsinə çətinlik yaradır. Təcrübədə hətta belə halda həqiqətən əlillik vəziyyətində olan şəxsin (tibbi-sosial ekspertiza xidmətinin onu əyani görməməsi, birbaşa təmas olmaması nəticəsində) əlilliyinin qiymətləndirilməsi mümkün olmadığından göndərişin geri göndərildiyi hallar olur.

Göndərişin təkrarən tibb müəssisəsinə geri göndərilməsi isə həmin sənədin daha dürüst tərtib olunması məqsədi daşıyır və heç də şəxsə əlillik təyin edilməsindən imtina olunmasına dəlalət etmir.

Nazirliyin təşəbbüsü ilə hazırlanmış və Milli Məclis tərəfindən təsdiq olunmuş qanunvericilik layihəsi üzrə əlillik müddəti başa çatdıqdan sonrakı 6 ay ərzində təkrar əlillik təyin olunduğu halda ortada itirilmiş müddətin nəzərə alınması ötən ilin 24 iyulundan etibarən tətbiq edilir. Ötən dövr ərzində 12 mindən çox əlillik qiymətləndirilməsində bu müddəa tətbiq edilmiş və insanların ödəniş hüquqları təmin olunmuşdur.

Əlillik təyinatından dərhal sonra avtomatik şəkildə proaktiv qaydada əlilliyə görə sosial ödənişlər təyin olunur. Son illərdə aparılan sosial islahatlar əlilliyi olan şəxslərə ödənilən sosial ödənişlərdə də ciddi artımlara imkan verib. 2018-ci ilin əvvəli ilə müqayisədə onlara ödənilən pensiyaların orta aylıq məbləği 82%, müavinət ödənişləri 3 dəfə, xüsusi kateqoriyalara aid əlilliyi olan şəxslərə təqaüd ödənişləri 5 dəfə çox artıb.

Əlilliyi olan şəxslərə pensiya, müavinət, təqaüd formasında ödənişlərin ümumi illik məbləği isə 1 milyard 533 milyon manata çatıb.

.