Bu gündən Azərbaycana fiziki şəxslər tərəfindən istifadə üçün gətirilən mobil telefonlara gömrük rüsumu tətbiq ediləcək.
Oxu.Az-ın məlumatına görə, telefonu gətirən şəxslər onun dəyərinin 36 faizi həcmində rüsum ödəməli və malları gömrükdə bəyan etməli olacaqlar.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 1 nömrəli əlavəsinin 9-cu bəndinə əsasən, fiziki şəxslər tərəfindən səfər zamanı, həmçinin poçt göndərişləri ilə ölkə ərazisinə gətirilən mobil telefon və digər simsiz rabitə avadanlıqları gömrük sərhədindən keçirilərkən yazılı (kağız üzərində və ya elektron) formada gömrük orqanlarında bəyan edilməlidir.
Ancaq indiyə kimi praktikada bu normaya əməl edilməyib. İndi bəyannaməsiz telefonların gətirilməsinin qarşısı ciddi şəkildə alınacaq. Belə ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi vətəndaşların nəzərinə çatdırır ki, cari ilin fevral ayının 15-dən etibarən fiziki şəxslər tərəfindən ölkə ərazisinə şəxsi istifadə məqsədilə gətirilən və gömrük orqanlarında bəyan edilməyən mobil telefonların IMEI nömrəsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qeydiyyat mərkəzi tərəfindən qeydiyyata alınmayacaq.
Mobil telefonların bəyan edilməsi qaydalarına dair Dövlət Gömrük Komitəsinin www.customs.gov.az internet səhifəsindən məlumat ala bilərsiniz. Mobil cihazın bəyan edilməsi üçün aşağıdakı keçiddən istifadə edə bilərsiniz: https://e.customs.gov.az/for-individuals/passenger-declaration.
Artıq bununla bağlı Dövlət Gömrük Komitəsinin və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəsmi saytlarında da müvafiq bildirişlər göstərilir.
.