Zəngilan şəhərinin işğaldan azad edilməsindən 3 il ötür.
Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum əməliyyatı nəticəsində Zəngilan şəhəri oktyabrın 20-də erməni işğalından azad edilib.
Azərbaycan Ordusunun Zəngilan rayonunun yaşayış məntəqələrini işğaldan azad etməyə başlaması barədə xəbəri Prezident İlham Əliyev xalqa müraciətində bəyan edib.
Prezident İlham Əliyev müraciətində oktyabrın 20-də Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı, Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli, Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Günəşli kəndinin keçmiş adı Noraşen olub), Vəng kəndlərinin (Dövlət başçısı həmin müraciətində Vəng kəndinə Çinarlı adı verdiyini açıqlayıb) işğaldan azad edildiyini bildirib.
Prezident İlham Əliyev daha sonra Azərbaycan Ordusunun Zəngilan rayonu ərazisinə də daxil olduğunu, yaşayış məntəqələrini azad etdiyini vurğulayıb. Prezident İlham Əliyev Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad olunduğunu elan edib.
Qeyd edək ki, Azərbaycanda “Zəngilanın azad olunmasına görə” medalı təsis olunub.
Bundan başqa, Prezident İlham Əliyevin imzaladığı sərəncamla Azərbaycanın işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. 20 oktyabr Zəngilan Şəhəri Günüdür.
.