Yadımdadı o zaman, 1-ci Qarabağ müharibəsi dövründə, cəbhə bölgəsindən qərəz dolu informasiyalarla yayım aparan bəzi rusiya kanalları öz ermənipərəst mövqelərini bir başa olaraq səsləndirməkdən çəkinmirdilər. 

İllər keçdi amma Qarabağ mövzusu bəzi  Rusiya kütləvi informasiya vasitələrində yenə də birtərəfli və qərəzli işıqlandırılır. Bəs görəsən bunun səbəbi nədir? Elə götürək Rusiyanın dövlət kanalı hesab olunan “Rossiya1” kanalında yayımlanan “Voskresnıy veçer s Vladimirom Solovyovım” verilişini. Bu veriliş bu günün reallıqlarını anlayan adekvat auditoriya tərəfindən heç ciddiliyə belə alınmır. 

Sosial, analitik xarakterdən uzaq,  hər hansı bir informasiyanı tamaşaçıya çatdıra bilməyən veriliş, iştirak edən qonaq və ekspertlərdə daha çox təlxəkliyi tərənnüm edir.  Televiziya mütəxəssisləri də etiraf edirlər ki, burada əsas məsələ, əlbəttə ki, qonaqlar və mövzular deyil, həmişəki kimi, Solovyovun özüdür və ona verilən SİFARİŞLƏRDİR. 

Proqramlarda  mövzuları və iştirakçıları demək olar ki, dəyişmir və qərəzli, iddialı, təxribati şüarlarla dolu söhbətlər hətta bəzi rusiyalı ekspertlər tərəfindən də kəskin tənqid edilir. Əsasən eyni insanlardan ibarət verilişin qonaqları, daha doğrusu desək erməni əsilli rusiya vətəndaşlarından ibarətdir. İki saatdan çox yayımlanan verilişdə insanlar dözümsüzlüyə, müharibəyə və nifrətə təhrik edilir. Verilişin daimi qonaqları Semyon Baqdasarov, Karen Şaxnazarov isə öz dırnaqarası ekspert çıxışlarında təxribatı çağırışlar edir, auditoriyaya fantastik nağıllar danışaraq insanların beynini yuyur.  Bu çirkabı və qərəzi  təkçə Qarabağ mövzusuna aid etmək olmaz, verilişdə mütəmadi olaraq Ukraynada, Baltikyanı ölkələrdə, Türkiyədə, Gürcüstanda gedən prosseslər də birtərəfli işıqlandırılır. Görünür Solovyov  italyan mafiyasının filmlərdə “şəxsi heç bir şey yoxdur, sadəcə biznes” kəlamını özünə şüar edib.  

Əlbəttə narazı tərəf dəfələrlə  iradını bildirsə də, buna cavab olaraq Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin rəhbərliyi bu cür verilişlərin məzmunu ilə bağlı bütün qınaqların haqsız olduğunu və mütəxəssislərin rəylərinin “insanların fikirlərinin sərbəst ifadə edilməsi” ilə izah edir. Bir məqama toxunmaq istərdim ki, əsl jurnalist araşdırması və ya analitik veriliş hər bir tərəfin mövqeyi öyrənildikdə uğurlu hesab edilə bilər. 

Tamaşaçını sifarişli mövzular, populist ekspert fikirləri ilə çaşdıraraq, rusiya televiziya məkanını öz şəxsi biznesinə çevirən Solovyov kimiləri isə nəzərə almalıdır ki, atalarımızın yaxşı bir sözü var -İT HÜRƏR KARVAN KEÇƏR. Birdəfəlik efir üçün nəzərdə tutulan bu verilişlər isə onsuzda Azərbaycanın haqlı mövqeyinə xələl gətirə bilməz.   

Rəşad Nəsirov
 

.