Cəbhədə silahlar danışsa da, arxa cəbhədə informasiya savaşı gedir. Bu savaşda təşəbbüsü əldə saxlamaqdan ötrü, bütün resurslardan səmərəli istifadə etmək lazımdır. Azərbaycanın informasiya sahəsində qazandığı uğurlar ön cəbhədə də uğurların əldə edilməsi üçün çox mühüm bir faktordur. Kütləvi informasiya vasitələrimiz illərdən bəri, mənfur qonşularımız və erməni diasporu tərəfindən Azərbaycana qarşı aparılan qərəzli informasiyalara cavab vermək, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünyaya çatdırılması istiqamətində mühüm işlər görməkdədir. Son zamanlar Azərbaycan mediası ölkəmizin haqq səsini dünyaya çatdırmaq üçün daha da aktivləşib və peşəkarlaşıb.

Şəxsən dövlət başçısı İlham Əliyevin son bir neçə gün ərzində “Rossiya1”, “Əl-Cəzirə”, “Əl-Ərəbiyyə”, Rusiyanın “Pervıy kanal”, Türkiyənin TRT1, “CNN Türk”, “Euronews” televiziya kanallarına və bu kimi dünyanın nüfuzlu aparıcı kütləvi informasiya vasitələrinə müsahibələri onu göstərir ki, Azərbaycan informasiya müharibəsində də zəfər çalır. Dövlət başçısının bu müsahibələrdə erməni tərəfinin təxribatı, münaqişənin həlli istiqamətində hazırki erməni rəhbərliyinin qeyri-konstruktivliyi, erməni təbliğat maşınının dünyaya feyk xəbərlər yaymaq cəhdləri və digər məsələləri ifşa etməsi dünya ictimaiyyəti qarşısında erməni separatçılarının iç üzünü açır. Bu, Azərbaycanın böyük qələbəsidir.

Cəbhədə gedən proseslərin, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında hər birimizin bir vətəndaş kimi çox mühüm rolu var. Azərbaycana qarşı informasiya müharibəsi Ermənistan və onu dəstəkləyənlər tərəfindən müxtəlif informasiya resurslarından istifadə etməklə, bir sıra xarici TV kanalları vasitəsilə də aparılır. Bəzən isə müşahidə edirik ki, sosial mediada, internet resurslarında da müxtəlif yalan və çaşqınlıq yaradan məlumatlar yayımlanır. İnformasiya müharibəsində ən əhəmiyyətli məsələlərdən biri düşmənin informasiya sistemlərini məhv edə bilməsidir. Son günlər dezinformasiya yaymaqla məşğul olan bir sıra Ermənistan saytlarının sıradan çıxarılması da uğurlarımızdan biri hesab olunur.

Azərbaycan respublikasının birinci-vitse prezidenti Mehriban Əliyeva da instaqram səhifəsində “Həqiqəti Paylaş!” başlığı altında Azərbaycan xalqına çağırış etməsi də bizləri ruhlandırıb. Birinci vitse-prezident bildirib ki, “Rəşadətli Ordumuz əzəli Azərbaycan torpaqlarını erməni işğalından azad etmək üçün uğurlu əks-hücum əməliyyatı apardığı bir vaxtda düşmən öz məkrli niyyətlərini göstərməkdən əl çəkmir. Qızğın döyüşlərin davam etdiyi bütün həftə ərzində Ermənistan vicdansızcasına yalan xəbərlər tirajlayır. Bu şiddətli hücumda beynəlxalq birliyi fəal surətdə yanlış məlumatlandıran erməni diasporu xüsusi rol oynayır. Bu gün biz hamımız həqiqətən tarixi hadisələrin şahidləriyik! Lakin biz baş verənləri sadəcə kənardan müşahidə edə bilmərik. Bizim hər birimiz Böyük Qələbə anını yaxınlaşdırmaq üçün əlimizdən gələni etməyə borcluyuq. Deməli, biz hamımız erməni yalanını ifşa etmək üçün maksimum səy göstərməyə borclu olan əsgərlərik. Mən sizin hər birinizi erməni təbliğatının feyklərini ifşa etməyə və erməni təcavüzü haqqında həqiqətləri bütün mümkün platformalarda beynəlxalq birliyə çatdırmağa çağırıram! Azərbaycanı özünün Vətəni hesab edən hər kəs səsini ucaltmalı və ermənilərin yalanını təkzib etməlidir!

Uca Tanrı bizim Ordumuzu, xalqımızı və Vətənimizi qorusun!” Bu paylaşımdan sonra dünyanın müxtəlif yerlərində yaşayan həmvətənlərimiz sosial şəbəkələrdə daha da fəallaşıb, öz vətəndaş mövqelərini istər facebook, istər tvitter, istərsə də instaqram və sair internet platformalarında daha qabarıq biruzə verirlər. Qələbə bizimlədir.
YAŞASIN AZƏRBAYCAN XALQI!

Rəşad Nəsirov

.