Azərbaycanda ünvanlı dövlət sosial yardımı almaq hüququ verilən kateqoriyaların sayı artırılır.
Bununla əlaqədar "Ünvanlı dövlət sosial yardımı haqqında" qanuna dəyişiklik təklif edilir.
Bu dəyişikliyə əsasən, orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması da ailəyə sosial yardım almaq hüququ verəcək.
Ünvanlı sosial yardımın artıq ödənişini könüllü qaytarmayanlar məhkəməyə veriləcək
Azərbaycanda ünvanlı dövlət sosial yardımın artıq ödənişini könüllü geri qaytarmayanlar məhkəməyə veriləcək.
Bununla əlaqədar "Ünvanlı dövlət sosial yardımı haqqında" qanuna dəyişiklik edilir.
Bu dəyişikliyə əsasən, sosial yardımın təyinatı zamanı ailə tərəfindən bilərəkdən tam və ya düzgün olmayan məlumatın verilməsi, eləcə də sosial yardımın ödənildiyi müddətdə ailənin gəlirlərində baş vermiş dəyişikliklər barədə məlumatın (bu Qanunun 10.3-cü maddəsində qeyd olunanlar istisna olmaqla) verilməməsi səbəbindən artıq vəsait ödənildiyi zaman sosial yardım alan ailə əlavə ödənilmiş sosial yardımın məbləğini könüllü qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana qaytarmalıdır. Bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılacaq.
Aztəminatlı ailənin üzvü "Məşğulluq haqqında" qanuna uyğun olaraq, özünüməşğulluğa cəlb edildiyi hallarda, həmin ailənin sosial yardım almaq üçün müraciət etmək hüququ seçilmiş özünüməşğulluq istiqaməti üzrə əmlakın verilməsi barədə müqavilənin qüvvədə olduğu müddət ərzində məhdudlaşdırılacaq.
.
