
Avropa Komissiyası noyabrın 4-də Aİ-nin genişlənməsi ilə bağlı illik hesabatını təqdim edəcək. Bu hesabatda Aİ-yə namizəd ölkələrin, o cümlədən Ukraynanın Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşma sahəsində irəliləyişi qiymətləndiriləcək.
Bu barədə Aİ-nin Ukraynadakı səfiri Katarina Maternova Kiyevdə keçirilən “Accession Exchange Forum”da bildirib.
Maternova vurğulayıb ki, Aİ-yə üzvlük danışıqları çərçivəsində əsas rol Ukraynanın həyata keçirdiyi islahatların və əldə etdiyi real irəliləyişin üzərinə düşür.
“Avropa Komissiyası artıq bu hesabatın təqdim olunacağı tarixi müəyyənləşdirib. 4 noyabrda Brüsseldə genişlənmə hesabatı təqdim olunacaq”, – o qeyd edib.
Xatırladaq ki, hər il təqdim olunan bu hesabat Avropa İttifaqına namizəd ölkələrin Aİ hüququna (acquis communautaire) uyğunlaşma səviyyəsini və islahatların gedişatını qiymətləndirən əsas sənəddir. Hesabat Ukraynanın Aİ-yə inteqrasiya yolundakı mövqeyinə və gələcək addımlarına birbaşa təsir göstərəcək.
.