Britaniya İsraildəki səfirliyini Təl-Əvivdən Yerusəlimə köçürə bilər.

Britaniya hökumətinin saytı xəbər verir ki, bu barədə Britaniya Baş naziri Liz Trass Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində İsrail Baş naziri Yair Lapidlə görüşdə deyib.

“Baş nazir Böyük Britaniyanın İsraildəki səfirliyinin hazırkı yeri ilə bağlı yanaşması barədə Baş nazir Lapidə məlumat verib”, - Britaniya hökumətindən bildirilib.

Hökumət başçıları həmçinin Britaniya və İsrail arasında müdafiə, kibertəhlükəsizlik, ticarət və “yaşıl texnologiya” da daxil olmaqla strateji prioritetlər üzrə əməkdaşlığı artırmaq üçün imkanları müzakirə ediblər.

“Liderlər Yaxın Şərq Sülh Prosesi və regional təhlükəsizliyi müzakirə edərək, İrandan gələn təhlükənin qarşısını almaq üçün uzunmüddətli strategiyanın zəruriliyini vurğulayıblar”, - məlumatda qeyd olunub.

İsrail Baş naziri Lapid də səfirliyin köçürülməsi ilə bağlı fikri müsbət qiymətləndirib. O, bu barədə “Twitter“də paylaşım edib.

“Britaniya səfirliyini İsrailin paytaxtı Yerusəlimə köçürmək barədə müsbət yanaşmasını açıqlayan dostum, Britaniyanın Baş naziri Liz Trassa təşəkkür edirəm. Biz ölkələrimiz arasında tərəfdaşlığı gücləndirməyə davam edəcəyik”, - Baş nazir Lapid qeyd edib.

.