BRICS-in davamlı inkişaf məqsədlərinə xidmət etməklə qlobal ticarətin inkişafına, iqtisadi artıma və daha ədalətli qlobal nizamın qurulmasına unikal töhfələr verdiyinə inanırıq.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kazanda keçirilən “XVI BRİCS” sammitinin "BRİCS plus" formatında ilk plenar iclasında çıxış edərkən bildirib.

O qeyd edib ki, iqtisadiyyatdan təhlükəsizliyə, qlobal ədalətsizliklərdən iqlim dəyişikliyinə qədər hər sahədə təsiri hiss olunan ciddi problemlərlə üz-üzəyik.

 

"Bu səbəbdən sammit üçün müəyyən edilmiş ədalətli qlobal inkişaf və təhlükəsizlik üçün çoxtərəfliliyin gücləndirilməsi mövzusunu son dərəcə uyğun hesab edirik. Sosial-iqtisadi zəifliklərin artdığı, qüvvələr balansının dəyişdiyi bugünkü şəraitdə İkinci Dünya Müharibəsindən sonrakı dövrün məhsulu olan siyasi və maliyyə mexanizmləri onlardan gözlənilənləri verə bilmir. Türkiyə olaraq belə bir mühitdə "Daha ədalətli bir dünya mümkündür"şüarı ilə hərəkət edirik. Biz inanırıq ki, BRICS davamlı inkişaf məqsədlərinə xidmət etməklə qlobal ticarətin inkişafına, iqtisadi artıma və daha ədalətli qlobal nizamın qurulmasına unikal töhfələr verir" - deyə R.T.Ərdoğan əlavə edib.

.