Məlum olduğu kimi bugünlərdə ölkəmizdə 150-dək ölkənin bədən tərbiyəsi və idman sahəsinin məsul qurumlarının rəhbərləri və nazirlərinin iştirakını əhatə edən MINEPS VII konfransı keçirilməkdədir. Tədbirlər çərçivəsində Braziliya Federativ Respublikasının İdman Naziri Ana Moser də Azərbaycandadır. Ötən gün Xanım Nazir Ana Moser, Braziliya Federativ Respublikasının ölkəmizdəki səlahiyyətli səfiri Manuel Montenegro və Azərbaycan Braziliya Ciu-citsu Federasiyasının prezidenti Aqil Acalov arasında görüş baş tutmuşdur. Görüş zamanı Aqil Acalov ölkədə idmanın mövcud dinamikasından, ölkə başçısı İlham Əliyevin və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin idmana qayğısından və uğurlu inkişaf strategiyasından irəli gələn davamlı inkişaf yolundan və perspektivlərindən söz açmış, həmçinin cənab səfir Manuel Montenegronun sözügedən Braziliya döyüş sənətinin ölkəmizdə inkişafına daim dəstək göstərdiyini minnətdarlıqla bildirmişdir. O qeyd etmişdir ki, ölkədə uğurlu idman siyasətinin bütün idman sahələri kimi Braziliya Ciu-citsu döyüş sənətinin inkişafına da müsbət təsirləri böyükdür. Bundan əlavə Federasiya prezidenti hər iki rəsmiyə Azərbaycan Braziliya Ciu-citsu Federasiyasının inkişaf strategiyaları, görülən işlər, təşkil edilən tədbirlər barədə məlumat vermişdir.

Xanım nazir Ana Moser Braziliya idman növlərinin Azərbaycanda inkişafından və bu döyüş növünə olan maraqdan dolayı məmnunluğunu və dinamik inkişafı dəstəklədiyini bildirmişdir.

Məhsuldar görüşün Braziliya-Azərbaycan idman əlaqələrinin və mövcud idman növlərinin inkifaşına tövhələr verəcəyinə ümid edirik.


Braziliyanın İdman Naziri Ana Moserlə Azərbaycan Braziliya Ciu-citsu Federasiyasının prezidenti Aqil Acalov arasında görüş baş tutub

.