“Mən müasir və səmərəli döyüş tankları olan, amma onu saxlayaraq üzərinə toz yığdıran Avropa ölkələrini bu silahları tez bir zamanda Ukraynaya verməyə çağırıram. Çünki bu yaz və yay həlledici olacaq”.
Bunu Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik üzrə ali nümayəndəsi Cozep Borrell Avropa Parlamentinin plenar sessiyasında çıxışında deyib.
Onun sözlərinə görə, müharibənin taleyi bu yaz və yayda həll olunacaq: “Məşhur "Leopard"ları verib-verməməyi müzakirə etmək üçün çox vaxt sərf etdik. Bu müddətdə isə Rusiya hücuma hazırlaşırdı. Müharibədə iştirakımızın düşmənçiliyə səbəb olacağından qorxaraq, daha tez qəbul edilməli olan qərarları müzakirə etməyə çox vaxt sərf etdik. Xeyr, biz elan etmişik ki, tanklar verəcəyik və heç bir Üçüncü Dünya müharibəsi olmayıb. Yeri gəlmişkən, tanklar hələ orada deyil və onların gəlməsi üçün vaxt lazımdır. Zamanın mahiyyətini vurğulayaraq Avropa Sülh Fondunun rəhbəri kimi mənim rolum üzv dövlətlərin hərbi yardımı çərçivəsində onların addımlarını əlaqələndirmək, Ukraynaya daha çox və daha sürətli kömək istəməkdir”.
.
