Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Qəzzaya daha çox humanitar yardımın çatdırılması üçün İsrail və HAMAS arasında hərbi toqquşmaların dayandırılması ilə bağlı çağırış edib.
Bu barədə Aİ -nin Ali Nümayəndəsi Luksemburqda keçirilən Aİ XİN rəhbərlərinin iclasından əvvəl jurnalistlərə açıqlamasında deyib.
"İndi ən vacib olan Qəzzaya humanitar yardımın getməsidir", - o deyib.
Borrell bildirib ki, nazirlər BMT-nin Baş katibi Antonio Quterreşin fələstinli mülki şəxslər üçün daha çox humanitar yardımın Qəzzaya daxil olmasına icazə verilməsinə dair çağırışı müzakirə edəcəklər.
"Mən görüşün nəticəsini təxmin edə bilmərəm, lakin bu, əlbəttə ki, nazirlərin müzakirə etməli olduğu bir məsələdir... Birləşmiş Millətlər Təşkilatının Baş katibi bunu çox xahiş etdi. Şəxsən mən hesab edirəm ki, humanitar dəstəyin daxil olmasına və paylanmasına icazə vermək üçün humanitar fasilə lazımdır", - Borrell əlavə edib.
