Ukraynadakı müharibə ümumi təhlükəsizlik və müdafiə siyasətinin vacibliyini vurğuladı. Bu, Avropa üçün bir oyanış, geosiyasi oyanış oldu.
Bunu Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik üzrə ali nümayəndəsi Cozep Borrell Avropa Parlamentinin plenar sessiyasında çıxışında deyib.
Borrell bildirib ki, Avropa öz mühafizəsinə diqqət ayırmayıb və hərbi ehtiyatların həddən artıq aşağı səviyyədə olması və müdafiə sənayesinin bu ehtiyatları doldurmaq imkanlarının məhdud olması bunun sübutudur.
Borrel Aİ-nin Ukraynaya dəstəyindən də danışıb. Onun sözlərinə görə, Avropa Ukraynanın hərbi, iqtisadi, maliyyə, diplomatik platformada dəstəkləyir: “Biz çox dəstək veririk, amma mənim fikrimcə, bu, kifayət deyil. Mən bu yaxınlarda Avropa Komissiyasının Prezidenti və komissar yoldaşlarımla birlikdə Ukraynada olmuşam, həmçinin Aİ-Ukrayna Sammitində iştirak etdim. Mən orada bir daha öz azadlığını və müstəqilliyini müdafiə edən xalqı və Avropaya gedən yolda bu dramatik vəziyyətlə üzləşən liderləri gördüm. Bir neçə gün əvvəl burada Prezident Zelenski sizə də dedi. Bəli, bu gün Ukraynada vəziyyət dramatikdir, lakin ukraynalılar Avropaya baxır, çünki bir çox başqa xalqlar, o cümlədən mənim xalqım bura - Aİ-yə perspektivli gələcək kimi baxır. Onun yolu uzun ola bilər - çünki müharibənin uzun olacağı görünür - amma bu vədin pozulmaması üçün hər cür səy göstərməliyik. Əksinə, bu müharibədən qalib çıxan Ukrayna üçün artıq de-fakto mənsub olduğu Avropa ailəsində ona lazım olan dəstək verilməlidir”.
.
