Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell bildirib ki, Avropa İttifaqı ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün öz anti-raket sistemlərini bu ölkəyə göndərməlidirlər.

Bu barədə Aİ-nin top diplomatı İtaliyada, Kapridə keçirilən G7 ölkələrinin xarici işlər nazirlərinin iclasından əvvəl jurnalistlərə deyib.

"Bizim "Patriot"larımız, raket əleyhinə sistemlərimiz var. Onları hər ehtimala qarşı saxladığımız kazarmalardan çıxarıb müharibənin qızışdığı Ukraynaya göndərməliyik. Əks halda Ukraynanın elektrik sistemi məhv olacaq. Heç bir ölkə evdə, fabriklərdə, hər şey üçün lazım olan elektrik olmadan mübarizə apara bilməz", - o əlavə edib.

Borrell deyib ki, ABŞ-ın "Patriot" sistemləri olsa da, Avropa yalnız ABŞ-a güvənməməli, özü də addımlar atmalıdır. "Biz yalnız ABŞ-a güvənə bilmərik, məsuliyyətimizi öz üzərimizə götürməli və "oh, ABŞ edəcək" deməyi dayandırmalıyıq. Biz addım atmalıyıq", - Borrell vurğulayıb.

Borrell ABŞ-ın Ukraynaya yardımı gecikdirməsindən təəssüflənib

Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell ABŞ daxili siyasətinin Ukraynaya yardımı gecikdirməsindən təəssüf etdiyini deyib.

Bu barədə Cozep Borrell İtaliyada, Kapridə keçirilən G7 ölkələrinin xarici işlər nazirlərinin iclasından əvvəl jurnalistlərə deyib.

"Vaşinqtonda olanda da mən onlara dedim ki, baxın, Avropada baş verənlər hər kəs üçün, sizin üçün də əhəmiyyət kəsb edir. Mən ABŞ-ın daxili siyasətinin Ukraynaya yardımı gecikdirməsinə təəssüf edirəm. Amma mən ABŞ-ın siyasəti ilə bağlı məsul deyiləm, buna onlar qərar verir", - Borrel qeyd edib.

.