Avropa İttifaqının (Aİ) rəhbərliyi hərbi əməliyyatlar zamanı yaralanan və tibbi yardımsız qalan Qəzza sakinlərini təxliyə etmək üçün Qəzza zolağı ilə Misir arasındakı sərhəddə sərhəd nəzarəti missiyasının bərpası ilə bağlı danışıqlar aparır.

Bunu İspaniyanın “El Mundo” qəzetinə müsahibəsində Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrell deyib.

“Misirdə mənim də dəvət olunduğum Ərəb Dövlətləri Liqasının nazirlər toplantısı keçirilir. Biz, həmçinin üzün müddətdir ki, Misir və Qəzza sərhədində yerləşən Aİ sərhəd nəzarəti missiyamızın geri qayıdıb keçid məntəqəsi aça bilməsi üçün danışıqlar aparırıq. Onun vasitəsilə ilk növbədə Qəzzada yardım ala bilməyən yaralıları təxliyə etmək mümkün olacaq”, - o bildirib.

O, həmçinin Brüsselin Qəzza zolağında mümkün qədər tez atəşkəsə nail olmaq niyyətində olduğunu bildirib.

May ayında KİV-lər bildirib ki, ABŞ Qəzza sərhədindəki “Rəfah” keçid məntəqəsinə nəzarətin Avropa missiyasına verilməsi üçün Aİ, Misir və İsraillə danışıqlar aparır. Avropa İttifaqı missiyası əvvəllər Qəzza sərhədi boyunca işləyirdi, lakin 2007-ci ildə HƏMAS Fələstin anklavında hakimiyyətə gəldikdən sonra fəaliyyətini dayandırıb.

.