“Yuventus”un sabiq müdafiəçisi Leonardo Bonuççi keçmiş klubunu məhkəməyə verməyə hazırlaşır.

36 yaşlı italiyalı Turin təmsilçisini karyerasına və imicinə ziyan vurmaqda ittiham edir. Mərkəz müdafiəçisi əsas komandadan uzaqlaşdırıldıqdan sonra ona lazımi şərait yaradılmayıb. Təcrübəli oyunçu tək məşq etmək məcburiyyətində qalıb. Bonuççi komanda yoldaşları və texniki heyətlə görüşmədiyini, idman salonuna, hovuza və restorana çıxışının olmadığını bildirib.

Bonuççi məhkəmə qərarı nəticəsində əldə edilən istənilən məbləği “Neuroland”a bağışlamağı planlaşdırır. Bu, Turin Uşaq Neyrocərrahiyyə bölməsində xəstəxanaya yerləşdirilən uşaqların ailələrinə dəstək verən bir assosiasiyadır.

2010-2017-ci illərdə də “Yuventus”da oynamış Bonuççi 2018-ci ildən yenidən “qoca sinyora”nın formasını geyinib. O, bu yay azad agent kimi Almaniyanın “Union” (Berlin) klubuna keçib.

.